Latviyanın U-19 futbol millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Belarusla oyundan imtina etdiyinə görə cəzalandırılıb.
İdman.Biz xəbər verir ki, UEFA qarşılaşmanın nəticəsini Belarus millisinin xeyrinə 3:0 kimi qeydə alıb. Qurumun rəsmi saytında Latviya - Belarus matçının “forfeit”, yəni texniki nəticə ilə Belarusun qələbəsi kimi göstərildiyi qeyd olunub.
Latviya Futbol Federasiyasının prezidenti Vadim Lyaşenko daha əvvəl komandanın Belarusla oynamayacağını açıqlayıb. O, qərarın siyasi səbəblərlə qəbul edildiyini və UEFA-nın bu barədə məlumatlandırıldığını bildirib. Matç 15 mayda San-Marinoda keçirilməli idi.
UEFA isə bu arqumenti qəbul etməyib və Latviya millisinə texniki məğlubiyyət verib. Belarus yığması beləliklə, seçmə qrupunda ilk oyununu keçirmədən üç xal qazanıb.
Daha əvvəl UEFA qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsində Belarusla oynamaqdan imtina edən Estoniya və Litva millilərinə də 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, Belarus U-19 millisi seçmə mərhələdə San-Marino və Slovakiya ilə də qarşılaşmalıdır.
