Şevalyenin PSJ-də gələcəyi sual altındadır

12 May 2026 15:25
128
Şevalyenin PSJ-də gələcəyi sual altındadır

Fransanın PSJ futbol klubunda qapıçı Luka Şevalyenin gələcəyi ilə bağlı qərar veriləcək.

İdman.Biz “L’Équipe” nəşrinə istinadla xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı qapıçını satmaq və ya onu keçmiş klubu “Lill”ə icarəyə göndərmək variantını nəzərdən keçirir. Fransalı qolkiper yanvar ayından PSJ-nin heyətində oynamır və zədəsinin bərpası prosesi gedir.

Məlumata görə, Matvey Safonov ardıcıl 19 matçda komandanın qapısını qoruyub. Daha sonra isə onu 19 yaşlı Renato Marin əvəzləyib. Paris klubunda Marinlə bağlı müsbət fikir formalaşıb və Şevalyenin vəziyyətindən asılı olaraq gənc qapıçıya daha çox şans verilə bilər.

Şevalye ötən yay PSJ-yə keçib. Paris klubu onun transferi üçün 55 milyon avro (110 milyon AZN) ödəyib. Buna baxmayaraq, fransalı qapıçı əsas heyətdə möhkəmlənə bilməyib və Safonova rəqabətdə uduzub.

Qeyd olunur ki, yay transfer dönəmində PSJ Şevalye ilə bağlı təklifləri dəyərləndirə bilər. Futbolçunun özü də ehtiyatda qalmaq istəmədiyi üçün ayrılıq variantına müsbət yanaşa bilər. Qapıçının “Tranfermarkt” portalında dəyəri 30 milyon avrodur (60 milyon AZN).

İdman.Biz