“Avrokuboklara vəsiqə qazandığımız üçün mövsümü yaxşı dəyərləndirirəm”.
Bunu “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- 32 il sonra “Turan Tovuz” avrokuboklara vəsiqə qazandı. Azarkeşlərin sevinci böyük idi. Bu sizə necə təsir etdi və rəhbərlik sizi necə təbrik etdi?
- Birinci gündən rəhbərlik və məşqçilər bizə inanırdı, daha yaxşı olacağımıza motivasiya verirdilər. “Turan Tovuz” azarkeşləri uzun illər bu günü gözləyirdi və həmin sevinci yaşadılar. Mənim üçün ən önəmlisi odur ki, yeni nəsil də bu uğuru gördü.
- Mövsümü özünüz üçün necə dəyərləndirirsiniz? Daha yaxşı ola bilərdi? Məsələn, kubokda finala çıxmaq baxımından?
- Daha yaxşı ola bilərdi. Amma ümumilikdə bu da bizim üçün uğur sayılır. Yenə də daha yüksək nəticələr əldə etmək mümkün idi.
- Mövsümün əvvəlində az oynayırdınız, sonradan əsas heyətə düşdünüz. Bunun səbəbi nə idi və bu mövsümü necə qiymətləndirirsiniz?
- Bu baş məşqçinin qərarı idi. Heç bir şey deyə bilmərəm.
- Çempionatın ümumi gedişini necə qiymətləndirirsiniz? “Sabah”ın çempionluğunu gözləyirdiniz?
- Avrokuboklara vəsiqə qazandığımız üçün mövsümü yaxşı dəyərləndirirəm. İnşallah, daha da yaxşı olacaq. “Sabah” komandasına gəldikdə isə, həm müdafiədə, həm hücumda kompakt oynayan bir kollektivdir. Öz oyunları ilə çempionluğa layiq olduqlarını göstərdilər.
- “Turan Tovuz”da qalacaqsanız, yoxsa başqa təkliflər var? Ümumiyyətlə, vəziyyət necədir?
- Təkliflər var, amma son turdan sonra qərar verəcəyik.
- Azərbaycandan və xaricdən təkliflər almısınız? “Şəfa” klubunun da sizinlə maraqlandığı deyilir.
- Həm xaricdən, həm də yerli klublardan təkliflər var. Amma yekun qərarı mövsümün sonunda verəcəyik.
- Qarşıdakı turlarda hədəf nə olacaq? Növbəti turda “Şamaxı” ilə formal oyun var.
- “Şamaxı” ilə oyun da daxil olmaqla, çempionat hələ bitməyib. Biz hər oyuna qələbə üçün çıxacağıq.
