Hakan Çalhanoğlunun da adı keçən Teo Ernandes qalmaqalı - VİDEO

12 May 2026 14:41
130
Hakan Çalhanoğlunun da adı keçən Teo Ernandes qalmaqalı - VİDEO

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol komandasının müdafiəçisi, “Milan”ın sabiq oyunçusu Teo Ernandesin adı İtaliyada böyük qalmaqalda hallanır.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, fransalı futbolçu Milanda bəzi A Seriyası oyunçuları üçün xüsusi gecələrin təşkilində əsas fiqurlardan biri olub. İddialarda Ernandesin bu məclislər üçün xüsusi furqon aldığı və təşkilati məsələlərlə şəxsən məşğul olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda Hakan Çalhanoğlu, Brahim Dias, Samu Kastilyexo, Canluici Donnarumma, Sandro Tonali, Rafael Leao və Zlatan İbrahimoviçin adı çəkilir. Lakin bu adlar rəsmi istintaq sənədlərində təsdiqlənməyib.

“La Gazzetta dello Sport”un məlumatına görə, Milanda aparılan araşdırmada A Seriyasından təxminən 70 futbolçunun adı müzakirə olunur, amma məhkəmə sənədlərində oyunçuların adları gizlədilib. Nəşr yazır ki, futbolçular müştəri kimi göstərildiyi üçün onların heç biri istintaq altında deyil və hüquqi baxımdan cinayət törətdikləri müəyyənləşdirilməyib.

İstintaq materiallarında “Ma.De.Milano” adlı tədbir agentliyinin lüks gecələr, hotellər və eskort xidmətləri ilə bağlı fəaliyyətinin araşdırıldığı bildirilir. Bu iş üzrə dörd nəfər ev dustaqlığına məhkum edilib, agentliyin ümumi dövriyyəsinin isə 1,2 milyon avrodan çox olduğu qeyd olunur.

Sosial şəbəkələrdə yayılan iddialarda eskort xidmətlərinin 1500-2500 avro (3000-5000 AZN) arasında dəyişdiyi də qeyd olunur. Ancaq bu məbləğlər də rəsmi sənədlərlə açıq şəkildə təsdiqlənməyib.

İdman.Biz