Matçlardan sonra stadionlarda yaranan anti-sanitar vəziyyət Azərbaycan futbolu üçün hələ də aktual problemlərdən biri olaraq qalır. Belə ki, Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Karvan-Yevlax” oyunundan sonra Tovuz şəhər stadionunun tribunalarında tum qabıqları, plastik butulkalar və digər tullantılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
“Turan Tovuz”un mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, klub bu istiqamətdə daim maarifləndirici iş aparır.
“Ən azı hər oyunda iki dəfə diktor tərəfindən müvafiq elanlar verilir, eyni zamanda stadionun monitorunda davranış qaydaları ilə bağlı videoçarx nümayiş olunur. Təbii ki, hər kəsi nəzarətdə saxlamaq mümkün deyil. Azarkeşlərimizin nümunəvi davranışı hər zaman yüksək qiymətləndirilib. Bundan əlavə, onlar həm ev, həm də səfər oyunlarında komandaya sadiqliyi və möhtəşəm dəstəyi ilə seçilirlər. Təəssüf ki, belə hallar dünyanın hər yerində yaşanır. Hər oyunumuzda ən azı 3500-4000 tamaşaçı iştirak edir. Buna görə də maarifləndirmə işlərini daha da gücləndirəcəyik”, - deyə klubdan saytımıza bildirilib.
Bu mənzərə fonunda oyunlardan sonra tribunaları birlikdə təmizləmələri ilə tanınan yapon futbol azarkeşləri yada düşür. Bəlkə də Azərbaycan azarkeşləri üçün də məhz belə nümunə örnək ola bilər.
