Vernidub “Neftçi”nin hədəfini açıqladı: “Çıxış yolumuz yoxdur”

11 May 2026 02:58
139
Vernidub “Neftçi”nin hədəfini açıqladı: “Çıxış yolumuz yoxdur”

Futbol üzrə Misli Premyer Liqasında çıxış edən “Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidub 31-ci turun “Şamaxı” ilə oyunundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Ukraynalı mütəxəssis 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında komandanın oyun üslubu, qarşıdakı hədəflər və heyətdəki dəyişikliklərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Vernidub “Neftçi”nin ilk dəqiqələrdən aqressiv futbol göstərməli olduğunu bildirib. O, Valeri Lobanovskinin məşqçilik fəlsəfəsi ilə bağlı suala cavabında əfsanəvi mütəxəssisə böyük hörmət etdiyini, amma komandasının öz yolunu qurduğunu deyib:

“Valeri Lobanovski böyük və əfsanəvi məşqçidir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Biz “Neftçi” olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. Bu, elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir, ilk dəqiqələrdən sona qədər topa sahib olmağa çalışmalıdır”.

Baş məşqçi “Şamaxı” ilə görüşdə erkən qolun oyunun gedişinə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, komanda birinci hissədə istifadə edə bilmədiyi imkanları fasilədən sonra qola çevirib.

Ukraynalı çalışdırıcı “Sabah”la qarşıdakı matçın vacibliyinə də toxunub. O, “Neftçi”nin turnir cədvəlində “Zirə” ilə mübarizə apardığını və komandanın səhv etmək haqqının olmadığını bildirib:

“Bizim çıxış yolumuz yoxdur. Turnir cədvəlində “Zirə” ilə aramızda üç xallıq fərq var. Amma bu, heç nə demək deyil. “Sabah”la görüşdə yalnız nəticəyə oynayacağıq. Onlar 13 maydakı kubok matçına hazırlaşırlar. Qalib gəlsələr, mövsümü iki titulla bitirəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, ən azından mövsümü dördüncü yerdə bitirək”.

Qapıçı dəyişikliyinə gəlincə, Vernidub bunun “Qarabağ”a 1:5 hesablı məğlubiyyətdən sonra verilən qərar olduğunu deyib. O, həm Kənan Piriçi, həm də Emil Balayevi eyni səviyyəli qapıçılar kimi dəyərləndirib:

“Kənan Piriç yaxşı qapıçıdır. Eyni zamanda Balayev də. Sadəcə “Qarabağ”la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin oyundan sonra dəyişikliklərə getməli idim. Onda da dörd futbolçunu dəyişdik. Bu da xeyrimizə işlədi. Gələcək üçün iki eyni səviyyədə qapıçımız olacaq”.

Baş məşqçi Vensan Abubakar və digər futbolçulara şans verilməsi məsələsinə də münasibət bildirib. Vernidub əzmkar çalışan hər oyunçunun forma şansı qazanacağını qeyd edib:

“Hər bir oyunçuya şans veriləcək. Ağadadaş Salyanski haqda da suallar verilirdi. Görürsünüz ki, son iki matçda onun da şansı yaranır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram. Ona görə də oyunda ona şans verdim. Kim əzmkar işləyəcək, şans veriləcək. Bu, bizim futbol həyatımızdır”.

“Neftçi” bu qələbədən sonra mövsümü avrokubok zonasına yaxın mövqedə bitirmək uğrunda mübarizəni davam etdirir.

İdman.Biz