Liqa 1: PSJ tək qolla liderliyini möhkəmləndirdi - VİDEO

11 May 2026 01:25
140
Liqa 1: PSJ tək qolla liderliyini möhkəmləndirdi - VİDEO

Fransa Liqa 1-in 33-cü turunda PSJ doğma meydanda “Brest”i 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən görüşün taleyini 83-cü dəqiqədə vurulan yeganə qol həll edib. PSJ-nin futbolçusu Dezire Due fərqlənərək Paris klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra PSJ 73 xalla turnir cədvəlinə başçılıq edir. “Brest” isə 38 xalla 12-ci pillədə qərarlaşıb.

“Renn” doğma meydanda “Paris”i 2:1 hesabı ilə məğlub edib. İlk hissədə qol qeydə alınmayıb. 53-cü dəqiqədə Vilhelm Jebbel qonaqları önə keçirsə də, 74-cü dəqiqədə Esteban Lepol tarazlığı bərpa edib. Cəmi bir dəqiqə sonra Bril Embolo “Renn”ə qələbə qazandırıb. “Renn” 59 xalla beşinci, “Paris” isə 41 xalla 11-ci sıradadır.

“Mets” son ev oyununda “Loryan”a 0:4 hesabı ilə uduzub. Meydan sahibləri daha əvvəl elit divizionda qalmaq şansını itirdiyindən bu qarşılaşma onlar üçün Liqa 1-də son ev matçı olub. “Loryan”ın qollarını Makengo, Dienq, Avom və Kadiu vurublar. “Mets” turnir cədvəlinin sonuncu pilləsində qalıb, “Loryan” isə orta sıralarda yer alır.

“Tuluza” öz meydanında “Lion”u 2:1 hesabı ilə məğlub edib. Meydan sahibləri 10-cu dəqiqədə Dayann Metalyenin qolu ilə hesabı açıblar. “Lion” 71-ci dəqiqədə Korenten Tolisso ilə bərabərliyi təmin etsə də, 78-ci dəqiqədə Uorren Kamanzi “Tuluza”ya qələbə qazandırıb. “Tuluza” oyunu Aron Dönnumun qırmızı vərəqəsinə görə azlıqda başa vurub. Komanda 44 xalla 10-cu, “Lion” isə 60 xalla dördüncü pillədədir.

“Oser” doğma meydanda “Nitsa” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. Qonaqlar Diopun qolu ilə önə keçsələr də, “Oser” Mara və Sinayokonun qolları ilə dönüş edib. Bu nəticədən sonra hər iki komandanın 31 xalı var. “Oser” daha yaxşı top fərqinə görə 15-ci, “Nitsa” isə 16-cı sıradadır. 16-cı pillədə qalacaq komandanı elitada qalmaq üçün pley-off gözləyir.

“Monako” doğma meydanda “Lill”ə 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qol 72-ci dəqiqədə qeydə alınıb. Denis Zakariya topu öz qapısına göndərərək qonaqlara qələbə qazandırıb. “Lill” bu nəticədən sonra xalını 61-ə çatdırıb və üçüncü pillədə qərarlaşıb. “Monako” isə 54 xalla yeddinci sıradadır.

“Anje” və “Strasbur”un görüşündə qalib müəyyənləşməyib – 1:1. “Strasbur” birinci hissənin sonlarında Ensisonun penaltidən vurduğu qolla hesabı açıb. “Anje” 70-ci dəqiqədə Kualipunun qolu ilə məğlubiyyətdən xilas olub. “Strasburq” 47 xalla səkkizinci, “Anje” isə 35 xalla 13-cü pillədə yer alır.

“Marsel” səfərdə “Havr”ı 1:0 hesabı ilə məğlub edib. İlk hissədə qol vurulmayıb. 55-ci dəqiqədə qonaqlar penalti qazanıblar və Meyson Qrinvud 11 metrlik zərbəni dəqiq yerinə yetirib. “Marsel” bu qələbədən sonra xalını 56-ya çatdırıb və altıncı pillədə qərarlaşıb. “Havr” isə 32 xalla 14-cü sıradadır.

İdman.Biz