Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda “Milan” doğma meydanda “Atalanta”ya 2:3 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, “San-Siro” stadionunda keçirilən qarşılaşmada hesab erkən açılıb. “Atalanta”nın yarımmüdafiəçisi Ederson yeddinci dəqiqədə fərqlənərək qonaqları önə keçirib. 29-cu dəqiqədə Davide Dzappakosta Berqamo klubunun üstünlüyünü iki topa çatdırıb.
İkinci hissədə “Atalanta” daha bir qol vurub. 52-ci dəqiqədə Cakomo Raspadori hesabı 3:0 edib. “Milan” yalnız oyunun sonlarında fərqi azaltmağı bacarıb. 88-ci dəqiqədə müdafiəçi Strahinya Pavloviç, 90+4-cü dəqiqədə isə Kristofer Nkunku penaltidən qol vurub.
Buna baxmayaraq, Milan klubu məğlubiyyətdən qaça bilməyib.
Bu nəticədən sonra “Milan” 67 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. “Atalanta” isə xalını 58-ə çatdıraraq yeddinci sırada qərarlaşıb.
22:25
Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda “Roma” səfərdə “Parma”ya 3:2 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, görüşdə hesab birinci hissənin ortalarında açılıb. “Roma”nın futbolçusu Doniell Malen Paulo Dibalanın ötürməsindən sonra topu tora göndərib. Fasiləyə qədər hesab dəyişməyib.
İkinci hissənin əvvəlində “Parma” oyunda tarazlığı bərpa edib. Hans Nikolussi-Kaviqlianın ötürməsindən sonra Qabriel Strefezza fərqlənib. 87-ci dəqiqədə isə Mandela Keyta meydan sahiblərini önə keçirib.
Buna baxmayaraq, “Roma” əlavə vaxtda inanılmaz dönüş edib. Əvvəlcə 90+4-cü dəqiqədə Devayn Renş hesabı bərabərləşdirib. 90+11-ci dəqiqədə isə Malen penaltini dəqiq yerinə yetirərək paytaxt klubuna qələbə qazandırıb.
Bu nəticədən sonra “Roma” xalını 67-yə çatdırıb və turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Parma” isə 42 xalla 13-cü sırada qalıb.
19:40
Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda “Kremoneze” doğma meydanda “Piza”nı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qollarını Ceymi Vardi, Federiko Bonatsoli və David Okereke vurublar. “Kremoneze”nin ilk qoluna Vardi 31-ci dəqiqədə imza atıb. Bonatsoli 51-ci dəqiqədə fərqi artırıb, Okereke isə 86-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.
“Piza” oyunu doqquz nəfərlə başa vurub. Qonaqların heyətində 23-cü dəqiqədə müdafiəçi Rosen Bojinov meydandan qovulub. 57-ci dəqiqədə isə yarımmüdafiəçi Filipe Loyola birbaşa qırmızı vərəqə alıb.
Bu qələbədən sonra “Kremoneze” xalını 31-ə çatdırıb. Komanda hələ də turnir cədvəlində 18-ci pillədə, düşmə zonasında qalır. “Piza” isə 18 xalla sonuncu – 20-ci sıradadır və daha əvvəl A Seriyasında qalmaq şansını itirib.
Günün digər oyununda “Fiorentina” evdə “Cenoa” ilə qolsuz heç-heçə edib. “Cenoa” 41 xalla 14-cü, “Fiorentina” isə 38 xalla 15-ci pillədə qərarlaşıb.
16:43
Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda “Komo” səfərdə “Verona”nı 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. İlk hissədə daha fəal təsir bağışlayan qonaqlar fasiləyə qədər fərqlənə bilməyiblər. “Verona” müdafiədə etibarlı oynasa da, 71-ci dəqiqədə qapısında qol görüb.
“Komo”nun qələbə topunu Anastasios Duvikas vurub. Meydan sahibləri 75-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv olunub.
Bu nəticədən sonra “Komo” xalını 65-ə çatdıraraq A Seriyasının turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Verona” isə 20 xalla 19-cu sırada qərarlaşıb və daha əvvəl elitada qalmaq şansını itirib.
