Almaniyanın “Bavariya” futbol klubunun sabiq qapıçısı Oliver Kan komandanın baş məşqçisi Vensan Kompaninin taktiki sistemini tənqid edib.
İdman.Biz xəbər verir ki, Almaniya futbolunun əfsanələrindən olan Kan “Bavariya”nın Fransanın PSJ klubuna qarşı oyununda yaşanan problemlərin təsadüfi olmadığını bildirib. Onun fikrincə, Kompaninin sistemi ən kiçik nəzarət itkisi zamanı komandanı çox həssas vəziyyətə salır. “Sky Sport” da Kanın “Bavariya”nın Çempionlar Liqasından kənar qalmasının səbəblərindən birini məhz bu riskli sistemdə gördüyünü yazıb.
Oliver Kan açıqlamasında bunları deyib:
“Son həftələrdə gördük ki, Kompaninin sistemi böyük risklə bağlıdır. Bu sistem hətta ən kiçik nəzarəti itirəndə onun nə qədər həssas olduğunu tez anlayırsan. “Pari”yə qarşı da məhz bu baş verdi. Bunun üçün iki və ya üç dəqiqə lazım olmadı.
İki və ya üç qol buraxandan sonra hər zaman dörd qol vura bilməyəcəksən. Müasir futbolda məsələ bir sistemə kor-koranə bağlı qalmaqda yox, B planının olmasında və bir çox fərqli ideyanı həyata keçirmək bacarığındadır”.
Kan hesab edir ki, yüksək səviyyəli oyunlarda yalnız hücuma hesablanmış model kifayət etmir. Onun sözlərinə görə, Çempionlar Liqasında uğur qazanmaq istəyən komanda matçın böyük hissəsində oyuna nəzarət etməyi bacarmalıdır.
Sabiq qapıçı “Bavariya”nın oyun baxımından cəlbedici görünməsinə baxmayaraq, əsas problemin balans və alternativ plan çatışmazlığı olduğunu vurğulayıb.
