Maykl Karrik “Mançester Yunayted”dəki taleyi ilə bağlı sakitdir

8 May 2026 10:36
109
Maykl Karrik “Mançester Yunayted”dəki taleyi ilə bağlı sakitdir

İngiltərənin “Mançester Yunayted” futbol komandasının müvəqqəti baş məşqçisi Maykl Karrik klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, 44 yaşlı mütəxəssis mövsümün sonuna yaxın taleyinin hələ də qeyri-müəyyən qalmasına baxmayaraq, vəziyyətə sakit yanaşdığını bildirib.

Karrik “Mançester Yunayted”i Çempionlar Liqasına vəsiqə zonasına qaytarsa da, onun komandanın daimi baş məşqçisi olub-olmayacağı hələ rəsmən açıqlanmayıb.

“The Guardian”ın məlumatına görə, Karrikin mövsümün qalan iki oyununda da komandaya rəhbərlik edəcəyi gözlənilir.

Karrik gələcəyi ilə bağlı isə belə danışıb:

“Buna sakit yanaşıram. Hər şey nə vaxt həll olunmalıdırsa, onda da həll olunacaq. Bu, mənim əlimdə deyil, ona görə də nə baş verəcəyini görəcəyik”.

O, əsas diqqətini mövsümü güclü başa vurmağa yönəltdiyini deyib. Karrikin sözlərinə görə, bu mərhələdə əsas məsələ futbolçuları mövsümün sonuna ən yaxşı formada hazırlamaqdır.

Mütəxəssis gələcəyi ilə bağlı aydınlığın vacib olduğunu da gizlətməyib. O bildirib ki, mövsümün sonuna doğru bu məsələnin müzakirə olunması təbii haldır və klubun qərarını gözləməkdən başqa yolu yoxdur.

İdman.Biz