Luis Enrike “Bavariya” ilə matçı Nadal-Federer rəqabətinə bənzədib

6 May 2026 11:03
137
Luis Enrike “Bavariya” ilə matçı Nadal-Federer rəqabətinə bənzədib

Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Almaniyanın “Bavariya” klubu ilə keçiriləcək görüşdən gözləntilərini bölüşüb. İlk matçda 5:4 hesablı qələbə qazanan parislilərin çalışdırıcısı Münhendəki qarşılaşmanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının motivasiyasını tennis dünyasının əfsanəvi rəqabəti ilə müqayisə edib. O bildirib ki, Rafa Nadal bir vaxtlar Rocer Federer və Novak Cokoviçə qarşı oyunların onun üçün ən yaxşı motivasiya olduğunu deyib və PSJ də sabahkı matçda eyni əhval-ruhiyyəni hiss etmək istəyir. “Bavariya”ya böyük hörmətlə yanaşdıqlarını qeyd edən Enrike rəqibin gücünün onları daha da yaxşı olmağa sövq etdiyini diqqətə çatdırıb.

Baş məşqçi Münhen təmsilçisini indiyə qədər qarşılaşdıqları ən güclü rəqib adlandırıb. Luis Enrike bir top fərqi ilə öndə olmalarının futbolda hər zaman kifayət etmədiyini, lakin ötənilki təcrübənin onlara kömək edəcəyinə inandığını bildirib. O, azarkeşlərin yüksək gözləntilərini doğrultmaq üçün əllərindən gələni edəcəklərini əlavə edib.

İdman.Biz