İngiltərənin “Arsenal” futbol komandasının keçmiş yarımmüdafiəçisi Tomas Parti Sautuark Kral Məhkəməsində hakim qarşısına çıxıb. Hazırda İspaniyanın “Vilyarreal” klubunda çıxış edən 32 yaşlı futbolçu 2020-ci ilin dekabrında baş verdiyi iddia edilən iki yeni zorakılıq maddəsi üzrə özünü təqsirli bilməyib.
İdman.Biz xəbər verir ki, bu yeni iddialarla birlikdə Partiyə qarşı irəli sürülən ittihamların ümumi sayı səkkizə (yeddi zorlama və bir cinsi təcavüz) yüksəlib. Sözügedən hadisələrin 2020-2022-ci illər aralığında dörd fərqli qadına qarşı törədildiyi iddia olunur. Futbolçu məhkəməyə qədər zaminə buraxılsa da, ona qarşı sərt şərtlər, o cümlədən zərərçəkmişlərlə heç bir şəkildə əlaqə saxlamamaq tələbi qoyulub.
“SkySport”un məlumatına görə, əvvəlcə 2026-cı ilin noyabr ayına təyin edilmiş məhkəmə prosesi bütün ittihamların bir icraatda birləşdirilməsi səbəbindən 2027-ci ilin yanvarına keçirilə bilər.
Qeyd edək ki, Tomas Parti “Vilyarreal”a ötən yay transfer olunub və klub onun günahsızlıq prezumpsiyasına inandığını bəyan edərək oynamasına icazə verib.
