“Real” azarkeşlərinin bir milyon imzalıq etirazı

6 May 2026 10:24
157
“Real” azarkeşlərinin bir milyon imzalıq etirazı

İspaniyanın “Real Madrid” futbol komandasının azarkeşləri komandanın hücumçusu Kilian Mbappenin klubdan göndərilməsi üçün genişmiqyaslı kampaniyaya başlayıblar. Sosial şəbəkələrdə sürətlə yayılan “Mbappe Out” petisiyasına qısa müddətdə 1 278 219 nəfər imza atıb.

İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, fanatların səbrini daşıran son damla fransalı ulduzun zədə səbəbindən verilən qısamüddətli istirahət zamanı İtaliyaya səfəri olub. Komandanın İspaniya La Liqasında “Barselona” ilə çətin çempionluq mübarizəsi apardığı və UEFA Çempionlar Liqasından kənarlaşdığı bir vaxtda Mbappe Sardiniyada aktrisa Ester Eksposito ilə görüntülənib.

Bundan başqa, mətbuatda ulduz futbolçunun nizam-intizam qaydalarını dəfələrlə pozduğu, o cümlədən komandanın birgə nahar yeməyinə 40 dəqiqə gecikdiyi bildirilir. Məşqlər zamanı klubun texniki heyətinə qarşı hörmətsiz davranışı da diqqətdən yayınmayıb. Mbappenin baş məşqçi Alvaro Arbeloanın rəhbərlik etdiyi məşqçilər korpusu ilə münaqişədə olduğu və Vinisius Junior ilə komandada “liderlik savaşı” apardığı iddia edilir. Digər aparıcı futbolçular fransalının aşağı məhsuldarlıq fonunda imtiyazlı statusundan narazıdırlar.

Baxmayaraq ki, bu petisiya hüquqi baxımdan klub prezidenti Florentino Peresi qərar verməyə məcbur etmir, azarkeşlərin bu addımı rəhbərliyə qarşı görünməmiş təzyiq dalğası yaradıb.

İdman.Biz