Türkiyə Superliqasının 31-ci turunda “Göztəpə” öz meydanında “Antalyaspor”u qəbul edib. “Gürsel Aksel” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Göztəpə” qələbəni ilk yarıda vurduğu qollarla təmin edib. Matçın hələ 16-cı saniyəsində Xuan hesabı açıb. Bu qol cari mövsümdə liqanın ən erkən qolu kimi qeydə alınıb. 22-ci dəqiqədə isə Arda Okan Kurtulan fərqi iki qata çatdıraraq yekun hesabı müəyyənləşdirib.
Üç oyunluq fasilədən sonra qələbə qazanan “Göztəpə” (6) xallarının sayını 51-ə çatdırıb. Ardıcıl üçüncü məğlubiyyətini alan “Antalyaspor” (15) isə 28 xalla düşmə zonasında qalıb.
Növbəti turda “Göztəpə” səfərdə “Trabzonspor”un qonağı olacaq. “Antalyaspor” isə öz meydanında “Alanyaspor”u qəbul edəcək.
20:16
Türkiyə Superliqasının 31-ci turunda “Kayserispor” öz meydanında “Çaykur Rizespor”u qəbul edib. “RHG Enertürk Enerji” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
İdman.Biz xəbər verir ki, oyunun gedişatına VAR müdaxiləsi ciddi təsir edib. Qarşılaşmanın 35-ci dəqiqəsində qonaqların heyətində Valentin Mixailenin vurduğu qol qayda pozuntusu səbəbindən ləğv edilib. “Kayserispor”a vacib üç xalı gətirən qollar isə matçın ikinci hissəsində vurulub. 78-ci dəqiqədə Fedor Çalov hesabı açıb, 88-ci dəqiqədə isə Laslo Beneş yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə üç oyunluq uğursuz seriyaya son qoyan kayserililər xallarını 26-ya yüksəldərək liqada qalmaq şanslarını artırıblar. 37 xalı olan “Çaykur Rizespor” (8) isə mövqeyini qoruyub.
Növbəti turda “Kayserispor” doğma divarlar arasında “Eyüpspor” ilə üz-üzə gələcək. Rize təmsilçisi isə “Konyaspor”u qonaq edəcək.
18:28
Türkiyə Superliqasının 31-ci turunda Türkiyənin “Eyüpspor” futbol komandası öz meydanında “Qaziantep”i qəbul edib. “Recep Tayyip Erdoğan” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, “Eyüpspor”a qələbə qazandıran qolları 62-ci dəqiqədə Umut Bozok, 65-ci dəqiqədə Raux Yao və 78-ci dəqiqədə Metehan Altunbaş rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran komanda aşağı liqaya düşmə zonasından çıxıb.
Bir oyun az keçirən Türkiyənin “Gənclərbirliyi” futbol komandası 25 xalla təhlükəli zonaya geriləyib. Qonaq komanda “Qaziantep” isə 37 xalla10-cu pillədə qalıb.
Növbəti turda “Eyüpspor” səfərdə “Kayserispor” ilə üz-üzə gələcək. “Qaziantep” isə öz meydanında “Beşiktaş” komandasını qonaq edəcək.
