Pol Poqba Mourinyo ilə münasibətlərinin çöküş sirrini açdı - FOTO

25 Aprel 2026 05:33
304
Pol Poqba Mourinyo ilə münasibətlərinin çöküş sirrini açdı - FOTO

18 aylıq dopinq cəzasını başa vurduqdan sonra hazırda Fransanın “Monako” futbol komandasında çıxış edən Pol Poqba, “Mançester Yunayted”də çıxış etdiyi dövrdə Joze Mourinyo ilə yaşadığı kəskin qarşıdurmanın təfərrüatlarını paylaşıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Rio Ferdinand Presents” podkastında bildirib ki, münasibətlərin korlanmasına səbəb məşqçinin onun şəxsi həyatına müdaxilə etməsi olub.

Hər şey Poqbanın zədəli olduğu dövrdə reabilitasiya üçün Mayamiyə getməsi ilə başlayıb. Futbolçunun sözlərinə görə, paparazzilər onun həyat yoldaşı Zulay ilə fotosunu çəkib və Mourinyo həmin şəkli Poqbanın agenti Mino Rayolaya göndərib:

“Mourinyo şəkli Minoya göndərərək mənim işləmək əvəzinə tətildə olduğumu iddia etdi. Bu, məni çox qəzəbləndirdi. Ona dedim: “Doğrudan? Mən zədəliyəm və burada gündə üç dəfə məşq edirəm. Sən məni kim hesab edirsən?” Bu, məşqçimlə yaşadığım ilk ciddi problem idi”.

Poqba əlavə edib ki, əvvəlcə onların münasibəti çox yaxşı olub, lakin mətbuatın daim onun zədələri və gələcəyi barədə suallar verməsi portuqaliyalı mütəxəssisi qıcıqlandırıb. Münasibətlər o həddə çatıb ki, Mourinyo Poqbanı komanda daxilində “virus” adlandırıb və onu vitse-kapitanlıqdan məhrum edib. Məşq prosesində kameralara düşən mübahisə isə bu “müharibə”nin son nöqtəsi olub.

İdman.Biz