İtaliya A Seriyasında “İnter”lə çempionluğa doğru irəliləyən və karyerasının ən parlaq dövrünü keçirən Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı mühüm xəbər yayılıb. Türkiyə millisinin üzvü Milan klubu ilə yeni müqavilə imzalamaq üçün rəhbərlik qarşısında şərt qoyub.
İdman.Biz İtaliya mətbuatına istinadla xəbər verir ki, təcrübəli yarımmüdafiəçi hazırda aldığı 6,5 milyon avro (13 milyon AZN) məbləğindəki illik maaşının artırılmasını istəyir. Futbolçunun gözləntisi illik məvacibinin 8 milyon avroya (16 milyon AZN) çatdırılmasıdır. Əgər tərəflər bu rəqəm üzərində razılığa gəlsələr, 31 yaşlı oyunçunun müqaviləsi 2028-ci ilə qədər uzadılacaq.
Qeyd edək ki, İtaliyada “ilin oyunçusu” namizədləri arasında göstərilən Hakana Türkiyə Superliqası, Premyer Liqa və Bundesliqadan ciddi maraq var. Lakin futbolçu özü şərtləri yerinə yetiriləcəyi təqdirdə Milan təmsilçisində qalmağa üstünlük verir.
