“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandasının “Sabah”a 2:1 hesablı məğlubiyyətindən sonra etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, millimizin üzvü oyundan sonra sosial şəbəkə hesabında idman zalından qum saatı və ilan emojisi ilə müşayiət olunan paylaşım edib. Bu addım qısa zamanda müxtəlif yozumlara səbəb olub. Xüsusən də paylaşımın komandasının uğursuz nəticəsindən dərhal sonra edilməsi diqqətdən yayınmayıb.

Elvin Cəfərquliyevin bu paylaşımı onun son günlər adı ətrafında dolaşan iddiaları bir qədər də aktuallaşdırıb. Belə ki, yayılan məlumata görə, bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən futbolçu ilə bağlı mühüm qərar verilib.
Qeyd edək ki, iddialara əsasən, "Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxarıb. Bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verildiyi, klubun yay transfer dövründə onu satmağa hazır olduğu bildirilir.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar. Məhz bu fonda Elvinin son paylaşımı adi sosial media postundan daha çox, üstüörtülü mesaj kimi qəbul olunub.
