Almaniyanın “Leypsiq” futbol klubu fildişi sahilli vingeri Yan Diomand üçün tələb etdiyi məbləği artırıb. Bundesliqa təmsilçisi artıq “Liverpul”un hədəfində olan futbolçu üçün 100 milyon avrodan (təxminən 200 milyon AZN) çox vəsait tələb edir.
İdman.Biz xəbər verir ki, Almaniya klubunun artıq maliyyə vəziyyətini düzəltmək üçün oyunçu satmaq məcburiyyəti yoxdur. Bu, komandanın növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni böyük ölçüdə təmin etməsi ilə bağlıdır. Hazırda “Leypsiq” çempionatın başa çatmasına dörd tur qalmış 59 xalla üçüncü pillədə qərarlaşıb.
Bundan əlavə, klub rəhbərliyi 19 yaşlı futbolçunun müqavilə şərtlərini yeniləməyi və maaşını artırmağı planlaşdırır. Məqsəd Diomandı ən azı 2027-ci ilin yayına qədər komandada saxlamaqdır. Buna baxmayaraq, futbolçu “toxunulmaz” statusunda deyil və gələcək cazibədar təkliflər transfer qərarına təsir edə bilər.
Qeyd edək ki, Yan Diomand cari mövsümdə Bundesliqada keçirdiyi 29 oyunda 12 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
