İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Komo” komandaları üz-üzə gəlib. Milanda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı dramatik qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun gedişatı qonaqların üstünlüyü ilə başlayıb. 32-ci dəqiqədə xorvatiyalı Martin Baturina “Komo”nu önə çıxarıb. İkinci hissənin startında, 48-ci dəqiqədə Lukaş Da Kunya hesabı 0:2 edərək “İnter”in vəziyyətini çətinləşdirib. Lakin Kristian Kivunun komandası sona qədər mübarizə apararaq əsl iradə nümayiş etdirib.
69-cu dəqiqədə Hakan Çalhanoğlu fərqi azaldıb, 86-cı dəqiqədə isə türkiyəli yarımmüdafiəçi dublunu rəsmiləşdirərək tarazlığı bərpa edib. Qələbə qolunu isə cəmi üç dəqiqə sonra Petar Suçiç rəqib qapısından keçirib.
Xatırladaq ki, bu komandalar arasında martın 3-də keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə daha üstün olan “İnter” ölkə kubokunun finalına vəsiqə qazanıb. Turnirin ikinci finalçısı isə bu gün, aprelin 22-də keçiriləcək “Atalanta” - “Latsio” matçından sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk görüş 2:2 hesabı ilə başa çatmışdı.
