Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”la qolsuz heç-heçə edərək finala yüksələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, Sadıqov ilk oyunda baş verən mübahisəli epizodlara və hakimlik məsələlərinə də toxunub. O, bəzi iradların haqlı olduğunu etiraf etsə də, eyni növ epizodlara fərqli şərhlər verilməsinin çaşqınlıq yaratdığını bildirib.
Rəşad Sadıqov hər iki komandanın finala layiq olduğunu, lakin “Zirə”nin daha şanslı tərəf kimi məqsədinə çatdığını vurğulayıb.
“Turan Tovuz” rəhbərliyinin ilk matçdan sonrakı sərt çıxışlarına gəlincə, Sadıqov bu açıqlamaların onu məyus etdiyini bildirib. O, hakim səhvlərinə görə tənqidləri normal qarşılasa da, bəzi ifadələrin həddindən artıq emosional olduğunu deyib.
Məşqçi həmçinin Tovuz azarkeşlərinin ona qarşı səsləndirdiyi şüarlara da münasibət bildirib. Karyerasına məhz bu klubda başladığını xatırladan Sadıqov Tovuzu öz evi hesab etdiyini və azarkeşlərin yanlış məlumatlandırıldığını qeyd edib. O, heç vaxt köhnə klubuna qarşı hörmətsizlik etmədiyini və stadiona yalnız futboldan zövq almaq üçün getdiyini əlavə edib.
Finaldakı rəqibi barədə danışan Rəşad Sadıqov nə “Qarabağ”, nə də “Sabah”ın asan rəqib olmadığını bildirib. O, “Qarabağ”ın böyük final təcrübəsinə malik olduğunu, “Sabah”ın isə bu mövsüm olduqca iddialı göründüyünü vurğulayıb.
