İngiltərə Premyer Liqasında həftənin ən çox müzakirə olunan epizodlarından biri “Arsenal” və “Mançester Siti” arasındakı qarşılaşmanın 83-cü dəqiqəsində yaşanıb. Londonluların müdafiəçisi Qabriel ilə Erlinq Holand arasındakı mübahisə zamanı braziliyalı futbolçunun rəqibinə kəllə atması hakim qərarı ilə bağlı ciddi suallar doğurub.
İdman.Biz xəbər verir ki, matçın baş hakimi Entoni Teylor epizodu sarı vərəqə ilə qiymətləndirib, VAR otağındakı Con Bruks isə bu qərara müdaxilə etməyib.
Keçmiş elit dərəcəli hakim Endi Devis epizodu qaydalar çərçivəsində belə şərh edib:
“Qaydalara görə, top uğrunda mübarizə getmədiyi halda rəqibə qarşı həddindən artıq güc və ya qəddarlıq nümayiş etdirmək qırmızı vərəqə ilə cəzalandırılmalıdır. Lakin hakim təması əhəmiyyətsiz hesab edərsə, bunu "təcavüzkar münasibət" kimi qiymətləndirib sarı vərəqə ilə kifayətlənə bilər. Teylor da məhz bu məntiqlə hərəkət edib və VAR onunla tam razılaşmasa da, baş hakimin qərarını dəstəkləyib”.
Ekspertin fikrincə, Qabriel oyunu qırmızı vərəqə almadan başa vurduğu üçün bəxti gətirib:
“Düzünü desək, Qabriel qovulmalı idi. Onun Hoalanda qarşı aqressiv hərəkəti zorakılıq cəhdi idi. Təmasın gücündən və ya rəqibin zədə alıb-almamasından asılı olmayaraq, bu hərəkət qırmızı vərəqə meyarlarına cavab verirdi. Hoalandın ayaqüstə qalması Teylora epizodu daha geniş perspektivdən idarə etmək şansı verdi, lakin bu, hakim üçün böyük risk idi”.
