Fransa Liqa 1-in 30-cu turu çərçivəsində “Strasbur” öz meydanında “Renn”i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Renn” 20-ci dəqiqədə Esteban Lepolun qolu ilə hesabı açıb. Bu qolda məhsuldar ötürməni Sebastian Şimanski edib. İlk hissə bu hesabla başa çatsa da, fasilədən dərhal sonra qonaqlar fərqi artırıblar.
Oyunun ikinci hissəsinin əvvəlində Esteban Lepol bu dəfə ötürməçi rolunda çıxış edərək Brel Embolonu qol vəziyyətinə çıxarıb - 2:0. Matçda son nöqtəni isə Mussa Əl-Tamari qoyub.
Bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıran “Renn” turnir cədvəlində 4-cü pilləyə qalxıb. Aktivində 43 xal olan “Strasbur” isə 8-ci yerdə qərarlaşıb.
Paralel keçən “Nant” - “Brest” qarşılaşması dramatik heç-heçə ilə yekunlaşıb – 1:1.
Oyunun doqquzuncu dəqiqəsində Mostafa Mohamed “kannarilər”i hesabda irəli çıxarıb. Meydan sahibləri uzun müddət üstünlüyü qorumağı bacarsalar da, 66-cı dəqiqədə Demen Assumaninin qırmızı vərəqə alaraq meydandan qovulması işləri çətinləşdirib.
Azlıqda qalan “Nant” qələbəyə çox yaxın olsa da, qonaqlar 90+6-cı dəqiqədə Brendan Şardonnenin vurduğu qolla məğlubiyyətdən xilas olublar.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Nant” turnir cədvəlinin sonlarında - 17-ci pillədə qərarlaşıb. Aktivində 37 xal olan “Brest” isə 12-ci sıraya geriləyib.
Digər oyunda isə “Mets” öz meydanında “Paris” klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisi birinci hissənin ortalarında Alimami Qorinin qolu ilə hesabı açıb. Meydan sahibləri 31-ci dəqiqədə Georgi Kvilitaianın vurduğu qolla tarazlığı bərpa etsələr də, qalan dəqiqələrdə qonaqlar üstünlüyü yenidən ələ alıblar.
Oyunun 69-cu dəqiqəsində Otavio komandasını yenidən irəli çıxarıb. Matçda son nöqtəni isə 89-cu dəqiqədə İlan Kebbal qoyub.
Bu qalibiyyətdən sonra xallarının sayını 38-ə çatdıran “Paris” turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Aktivində cəmi 15 xal olan “Mets” isə sonuncu – 20-ci yerdə qalmaqda davam edir.
20:06
Fransa Liqa 1-in 30-cu turu çərçivəsində “Monako” öz meydanında “Oser”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar 11-ci dəqiqədə Kevin Danuanın qolu ilə hesabda irəli çıxıblar. 33-cü dəqiqədə Lassin Sinayoko fərqi ikiyə çatdıraraq meydan sahiblərini çətin vəziyyətə salıb. Lakin ikinci hissədə toparlanan meydan sahibləri 56-cı dəqiqədə Ansu Fati ilə ümidlənib, cəmi üç dəqiqə sonra isə Folarin Baloqunun penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa ediblər.
30 turdan sonra 50 xal toplayan “Monako” turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. 25 xalı olan “Oser” isə 16-cı yerdədir.
Növbəti turda, aprelin 25-də “Monako” səfərdə “Tuluza”nın qonağı olacaq, “Oser” isə həmin gün “Lion”u sınağa çəkəcək.
