“Gözləntilərə gəldikdə, maksimum nəticə qazanmaq istəyirik. Birinci oyundan fərqli olaraq. Birinci oyunda bildiyimiz kimi məğlub olmuşduq. Bu oyunda azarkeşlərimizi sevindirmək istəyirik”.
Bu sözləri İdman.Biz-ə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstan millisi ilə oyundan öncə deyib.
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də saat 18:00-da Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstan millisi ilə qarşılaşacaq.
Baş məşqçi komandadakı problemlərdən və üstünlüklərdən də danışıb.
“Fərq ondan ibarətdir ki, birinci oyunda üç oyunçu itkimiz var idi. Çox şükür ki, bu oyunda həmin oyunçular geri dönüb, çox sevinirik.
Amma bir problem var. Bəzi oyunçularımız oyun praktikasında geri qalıblar. Məsələn, Türkiyə liqasında çıxış edən oyunçularımız. Çünki onlarda liqa tez bitib. Bu tərəfdən çətinlikərimiz ola bilər. Ümid edirəm ki, bu hiss olunmayacaq, oyunçularımız çətinliyin öhdəsindən gələ biləcəklər.
Sabahkı matç üçün birinci oyundan fərqli olaraq oyun planında dəyişiklik etmişik. İnşallah, düşünürüəm ki, sənadək oyun planına riayət edə bilsək, planı yerinə yetirsək, istədiyimiz nəticəni ala biləcəyik”, - Əsgərov bildirib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Macarıstan millisi ilə ilk oyunda 1:0 hesabı ilə məlub olub. Oyun Macarıstanın Fençut şəhərindəki “Panço Arena”da keçirilib.
