“Bu, hakimlikdən əldə etdiyim ilk qazanc idi”.
Bunu Azərbaycan futbolu tarixində ilk dəfə UEFA-nın klub turnirinə qadın hakim olaraq təyinat alan FIFA referisi Gülnurə Əkbərzadə AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Hakimliyə marağınız necə yaranıb? Ümumiyyətlə, bu sahəyə necə gəlmisiniz?
- Orta məktəbdə oxuyarkən müxtəlif idman növləri ilə məşğul olurdum. Onlardan biri də futbol idi. Lakin həmin dövrdə Lənkəranda futbolun inkişafı üçün geniş imkanlar yox idi. Buna görə də idman müəllimim mənə hakim olmağı məsləhət gördü. Mən də idmandan uzaqlaşmaq istəmirdim, uzun illər bu sahədə fəaliyyət göstərmək arzusunda idim. Beləliklə, hakimliyə gəldim.
- Bu peşəni seçəndə reaksiyalar necə oldu?
- Açığı, heç bir mənfi reaksiya ilə qarşılaşmadım. Uşaqlıqdan idmanla məşğul olduğum üçün ətrafımdakı hər kəs gələcəkdə idman sahəsində olacağıma inanırdı. Sadəcə, hansı istiqaməti seçəcəyimi bilmirdilər. Hakim olmağa isə Azərbaycan İdman Akademiyasına qəbul olunmazdan əvvəl qərar verdim. Anam hər zaman mənə böyük dəstək olub. Hazırda da ətrafımdakı insanlar məni dəstəkləyir və əldə etdiyim uğurlarla qürur duyurlar.

- İlk idarə etdiyiniz oyunu xatırlayırsınız? Həmin vaxt hansı hissləri keçirmişdiniz?
- İlk idarə etdiyim oyun Lənkəranda olub. Düzünü desəm, matçın özü ilə bağlı detalları artıq xatırlamıram. Amma həmin gündən yadıma həkk olunan bir məqam var. Oyundan qazandığım ilk qonorarı evə aparmışdım. Bu, hakimlikdən əldə etdiyim ilk qazanc idi. Anama az da olsa dəstək ola bildiyim üçün çox sevinmişdim. Həmin hissi bu gün də unutmamışam.
- Ötən gün UEFA Konfrans Liqasında köməkçi hakim kimi iş başında oldunuz. Təəssüratlarınız necədir?
- Bu, mənim ən böyük arzularımdan biri idi. Bu imkanı yaratdıqları üçün Rəhim Həsənova, Tural Qurbanova və Hakimlər Komitəsinə təşəkkür edirəm. Düşünürəm ki, oyun bizim üçün uğurlu keçdi. Tural Qurbanov və bütün hakimlər briqadası olaraq matçı yüksək səviyyədə idarə etdik. Qarşılaşmadan sonra həm qalib, həm də məğlub komandanın nümayəndələri bizə təşəkkür etdilər. Həyəcan hiss etmirdim, çünki bundan əvvəl də kişilər arasında keçirilən ölkədaxili oyunlarda hakimlik etmişdim. Amma sevincim çox böyük idi. Meydana çıxarkən özümü çox xoşbəxt hiss edirdim.
- Azərbaycan futbolu tarixində avrokubok matçına referi köməkçisi kimi təyinat alan ilk qadın hakim olmaq sizin üçün nə ifadə edir?
- Tarix yazmaq mənim üçün hər zaman önəmli olub. Həyatımda ən vacib məqsədlərdən biri tarixdə iz qoymaq və yaddaşlarda qalmaqdır. Çünki insan bu dünyadan köçüb getsə belə, əgər yaxşı iz qoyubsa, onun adı həmişə xatırlanır və səslənir. Elə buna görə də tarix yazmaq mənim üçün çox vacibdir.

- Qadın hakim kimi karyeranız ərzində hansı çətinliklərlə üzləşmisiniz?
- Hər işdə olduğu kimi, bu peşədə də müəyyən çətinliklər olur. Amma qadın hakim kimi fəaliyyətim ərzində xüsusi bir çətinliklə üzləşməmişəm.
- Hakim kimi ən böyük arzunuz nədir?
- Ən böyük arzum Azərbaycan futbolunda yeni tarixlər yazmaqdır. Allah nəsib etsə, bütün arzularıma çatacağam. Artıq onların bəzilərinə nail olmuşam.
- Bəs, futbolda kumiriniz kimdir?
- Kumirim yoxdur (gülür). Amma idarəçiliyini bəyəndiyim hakimlər var. Onlardan Kleman Türpen, Fransua Leteksye və İvan Bartonun adlarını qeyd edə bilərəm.

- Sizcə, Azərbaycanda qadınların futbol hakimliyinə marağını artırmaq üçün nələr etmək lazımdır?
- Düşünürəm ki, hakimliyə maraq ilk növbədə futboldan yaranır. Ya özün futbol oynayırsan, ya da futbola baxdıqca hakimlik sənə maraqlı gəlməyə başlayır. Bunun üçün insanda ümumiyyətlə idmana sevgi olmalıdır. Məndə də idmana maraq çox böyük idi. Uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olmuşam və sonda seçimim hakimlik oldu. Bu seçimimə görə heç vaxt peşman olmamışam. Hakimlik çox gözəl peşədir. İdmana həvəsi olan bütün xanımlara bu sahədə özlərini sınamağı tövsiyə edərdim.
- Kişi futbolçuların mübarizə apardığı matçlarda qadın hakim olaraq oyunçularla ünsiyyət qurmaq, intizamı qorumaq çətin olmur?
- Açığı, futbolçularla çox ünsiyyətdə olmuram. Yalnız bəzi oyun epizodlarında qısa dialoqlarımız olur. Şükürlər olsun ki, indiyədək futbolçularla bağlı heç bir çətinlik yaşamamışam. Hər zaman qarşılıqlı hörmət çərçivəsində münasibət qurmuşuq.
