Azərbaycan klublarından avrokuboklarda tarixi göstərici - İDMAN.BİZ-in İCMALI

17 İyul 2026 13:32
112
Azərbaycan klublarından avrokuboklarda tarixi göstərici - İDMAN.BİZ-in İCMALI

Azərbaycan futbol klubları avrokuboklarda tarixi nailiyyətə imza atıblar.

İdman.Biz xəbər verir ki, ilk dəfə UEFA turnirlərinin birinci təsnifat mərhələsində mübarizəyə başlayan ölkəmizin hər üç təmsilçisi həm ilk, həm də cavab matçında qələbə qazanıb.

Xatırladaq ki, ölkə çempionu “Sabah” Çempionlar Liqasında Uelsin TNS klubunu hər iki oyunda məğlub edib. Bakı təmsilçisi əvvəlcə evdə 2:0 hesabı ilə qalib gəlib, daha sonra səfərdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Avropa Liqasında çıxış edən “Qarabağ” isə İslandiyanın “Vestri” klubuna heç bir şans verməyib. Qurban Qurbanovun komandası hər iki görüşdə eyni – 3:0 hesabı ilə qalib gəlib.

Konfrans Liqasında mübarizə aparan “Zirə” də iki inamlı qələbə qazanıb. Rəşad Sadıqovun yetirmələri Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu həm Bakıda, həm də səfərdə 3:0 hesabı ilə məğlub ediblər.

Beləliklə, Azərbaycanın üç klubu birinci təsnifat mərhələsində keçirdiyi 6 oyunun hamısında qələbə qazanıb, 16 qol vurub, cəmi 1 top buraxıb.

Buna ən yaxın göstərici 2017/18 mövsümündə qeydə alınıb. Həmin vaxt birinci təsnifat mərhələsindən mübarizəyə başlayan iki Azərbaycan klubu hər iki oyununu qələbə ilə başa vurmuşdu.

“Zirə” Lüksemburqun “Differdanj” klubunu 2:0 və 2:1 hesabı ilə məğlub etmişdi. Bakı “İnter”i isə Serbiyanın “Mladost” komandasına səfərdə 3:0, evdə isə 2:0 hesabı ilə qalib gəlmişdi.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”ın rəqibi Finlandiyanın KuPS klubu olacaq. İlk oyun iyulun 21-də Bakıda, cavab görüşü isə iyulun 28-də Finlandiyada keçiriləcək.

Avropa Liqasında “Qarabağ” Bolqarıstanın ÇSKA Sofiya komandası ilə üz-üzə gələcək. "Zirə" isə Konfrans Liqasında Estoniyanın “Paide” klubu ilə qarşılaşacaq.

Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə “Neftçi” də qoşulacaq. Paytaxt təmsilçisinin ilk rəqibi əvvəlki mərhələdə Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdıran Belarusun “Dinamo” (Minsk) komandası olacaq.

Avropa Liqası və Konfrans Liqasının ikinci təsnifat mərhələsinin oyunları iyulun 23-də və 30-da keçiriləcək.

İdman.Biz
Məqalədə: