Ehtiram Şahverdiyev: "Xəbərim olmadan "Kəpəz"dən ayrıldığımı öyrəndim"

17 İyul 2026 10:43
91
Ehtiram Şahverdiyev: "Xəbərim olmadan "Kəpəz"dən ayrıldığımı öyrəndim"

“Yeni baş məşqçi Azər Məmmədovla söhbətimizdə bildirdilər ki, “Kəpəz”də qalacağam və komandanın mənə ehtiyacı var. Buna görə də digər klublarla danışmadım. Amma sonradan heç mənə xəbər vermədən klubun rəsmi səhifəsində komandadan ayrıldığımı gördüm. Bu, mənim üçün də gözlənilməz oldu. Elə bir vaxtda baş verdi ki, artıq əksər komandalar heyətlərini formalaşdırmış, futbolçularla razılığa gəlmişdilər. Ona görə də seçim imkanlarım məhdudlaşdı”.

Bu sözləri “Səbail”in yeni transferi Ehtiram Şahverdiyev deyib.

“Kəpəz”də keçirdiyi üç mövsümü unudulmaz adlandıran 29 yaşlı futbolçu klub rəhbərliyinin qərarından narazı qaldığını gizlətməyib.

“Kəpəz”də yarımçıq qalan hansısa işimin olduğunu düşünmürəm. Sadəcə, komandada qalacağımı və klubun mənə ehtiyac duyduğunu dedikdən sonra xəbərim olmadan belə bir qərarın verilməsi peşəkar yanaşma deyildi. Bununla belə, “Kəpəz” mənim üçün həmişə doğma klub və Gəncə doğma şəhər olaraq qalacaq. Orada üç gözəl mövsüm keçirdim. Mənə dəstək olan hər kəsə, xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Onlar həm uğurlu, həm də çətin günlərdə daim yanımızda oldular. Göstərdikləri dəstəyi heç vaxt unutmayacağam”, - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.

Şahverdiyev “Səbail”i seçməsinin səbəblərindən də danışıb:

“Başqa variantlarım da var idi. Amma mənim üçün ən uyğun seçim “Səbail” oldu. Bunu geri addım hesab etmirəm. Futbolda hər şey ola bilər. “Səbail” Premyer Liqaya rəng qatan komandalardan biri olub. Sadəcə, ötən mövsüm uğursuzluq yaşandı. İnanıram ki, komanda yenidən elitaya qayıdacaq. Klub rəhbərliyi qarşısıya Premyer Liqaya yüksəlmək məqsədi qoyub. Biz futbolçular da bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Baş məşqçi mənimlə söhbətində mənə inandığını dedi. Mən də bu etimadı doğrultmaq üçün var gücümlə çalışacağam. Futbolda hər zaman özünü sübut etməlisən. Bu, mənim üçün yeni başlanğıcdır. Həm şəxsi statistikam, həm də komandanın uğuru üçün əlimdən gələni edəcəm”.

İdman.Biz