Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

17 İyul 2026 09:28
120
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

Azərbaycanın UEFA reytinqində 2026/2027-ci illər avrokubok mövsümü üçün qazandığı əmsal 1,500 xala çatıb.

İdman.Biz xəbər verir ki, buna Azərbaycan Premyer Liqası təmsilçiləri “Sabah”, “Qarabağ” və “Zirə”nin avrokubokların birinci təsnifat mərhələsində qazandıqları nəticələr səbəb olub.

“Sabah” UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu hər iki qarşılaşmada məğlub edib. Bakı təmsilçisi ilk oyunda 2:0, səfərdə keçirilən cavab matçında isə 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

“Qarabağ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırıb. Ağdam təmsilçisi ilk görüşdə 3:0 hesabı ilə qalib gəldikdən sonra səfərdə keçirilən cavab qarşılaşmasında da üstünlüyünü qoruyub - 0:3.

“Zirə” isə UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubuna hər iki oyunda üç cavabsız qolla qalib gəlib. “Qartallar” iki qarşılaşmanın nəticəsinə əsasən 6:0 hesablı üstünlüklə mərhələ adlayıblar.

Bu nəticələrdən sonra Azərbaycanın cari mövsümdə topladığı əmsal 1,500-ə, ümumi göstəricisi isə 20,062 xala yüksəlib. Azərbaycan UEFA ölkələr reytinqində 26-cı pillədə qərarlaşıb.

25-ci yerdəki İsrailin 20,750, 27-ci pillədə qərarlaşan Bolqarıstanın isə 18,562 xalı var.

UEFA-nın klub reytinqində Azərbaycanın ən yüksək mövqeli təmsilçisi “Qarabağ”dır. Ağdam klubu son beş mövsümdə topladığı 33,750 xalla Avropada 59-cu pillədə qərarlaşıb.

“Sabah” 6,000 xalla 215-ci, “Zirə” isə 5,500 xalla 226-cı yerdədir.

İdman.Biz