“İmişli”yə transfer olunan Yusif İmanovun əsas hədəfi komandada yaxşı oynamaq və milli komandaya dəvət almaqdır.
Futbolçu bölgə təmsilçisinə keçidi ilə bağlı danışıb.
“Klub olaraq məqsədimiz yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Əla kollektivimiz var. Məşqçilərimiz də yüksək səviyyədədir. İnanıram ki, yaxşı nəticə göstərəcəyik. Mən də komandaya maksimum xeyir verməyə çalışacağam. Əsas hədəfim burada yaxşı oynamaq və milli komandaya dəvət almaqdır”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Y.İmanov “İmişli” ilə daha əvvəl də danışıqların olduğunu bildirib:
“Ötən il də danışığımız baş tutdu. Sadəcə, həmin vaxt legioner həyatı yaşamaq istəyirdim. Ona görə bu transfer gerçəkləşmədi. Qismət bu ilə idi. Bu keçid reallaşdığı üçün xoşbəxtəm və komandaya maksimum xeyir vermək üçün əlimdən gələni edəcəyəm”.
Son olaraq “Kəpəz”də çıxış edən qolkiper Gəncə klubu ilə danışıqlarının olduğunu gizlətməyib:
“Klubla danışıqlarımız oldu. Amma yeni baş məşqçinin öz planları var idi. Ona görə sağollaşmaq qərarına gəldik”.
Qeyd edək ki, Yusif İmanov “İmişli” ilə “2+1” illik müqavilə imzalayıb. O, “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
