Vaxtilə avrokuboklardan geri çəkilən klub, indi “Sabah”a meydan oxuyur - İDMAN.BİZ-in İCMALI

17 İyul 2026 15:09
114
Vaxtilə avrokuboklardan geri çəkilən klub, indi “Sabah”a meydan oxuyur - İDMAN.BİZ-in İCMALI

“Sabah” futbol klubu Çempionlar Liqasının təsnifat mərhələsində inamla irəliləyir. Uelsin TNS klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edən Bakı təmsilçisini II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubu gözləyir.

Qeyd edək ki, Kuopio təmsilçisi 1923-cü ildə yaradılıb. Komanda ev oyunlarını sarı-qara formalarda keçirdiyi üçün “sarı bülbül” ləqəbi ilə tanınır. “KuPS” 2025-ci ildə ardıcıl ikinci dəfə Finlandiya çempionu olaraq tarixində səkkizinci çempionluğunu qazanıb.

Onu da qeyd edək ki, əksər Avropa ölkələrindən fərqli olaraq, Finlandiya çempionatı yaz-payız sistemi ilə keçirilir. Buna görə də 2026 mövsümü hazırda qızğın mərhələdədir. Bu isə komandanın hazırkı formasını obyektiv qiymətləndirməyə imkan verir.

Çempionlar Liqasının I təsnifat mərhələsində finlər Şimali Makedoniyanın “Vardar” klubunu mübarizədən kənarlaşdırıblar. Səfərdə 2:0 hesablı qələbə qazanan “KuPS” bununla da tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində səfər qalibiyyətinə sevinib. Cavab görüşündə isə komanda doğma meydanda 2:3 hesabı ilə uduzub. Buna baxmayaraq, ümumi hesabın 4:3 olması sayəsində növbəti mərhələyə yüksəlib.

Bu iki oyundan ibarət qarşıdurma komandanın iki mühüm xüsusiyyətini üzə çıxarıb. “KuPS” ciddi psixoloji təzyiqə tab gətirməyi bacarır. Belə ki, cavab matçında vurduğu hər iki qolu əlavə olunmuş vaxtda qeydə alıb. Eyni zamanda, üç top buraxması göstərdi ki, komandanın müdafiə xətti heç də qüsursuz deyil.

Daxili çempionatda isə “KuPS” kifayət qədər inamlı təsir bağışlayır. Komanda 15 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir və doğma meydanda məğlubiyyət tanımır. Finlər mütəmadi olaraq çoxlu təhlükəli epizod yaradır və onları yüksək dəqiqliklə qola çevirirlər. Bunu komandanın statistikası da təsdiqləyir.

Cari mövsümdə əsas hücum gücü səkkiz qol və iki məhsuldar ötürmə ilə fərqlənən hücumçu Xayme Morenodur. Kapitan Petteri Pennanen və standart vəziyyətlərdə tez-tez ön plana çıxan müdafiəçi Bob Armah da komanda üçün vacib fiqurlardır. Məhz standart vəziyyətlər “KuPS”un ən təhlükəli silahlarından biri hesab olunur.

Bununla yanaşı, “Sabah”ın da üstün cəhətləri var. Bakı klubu müdafiədə daha etibarlı təsir bağışlayır, orta hesabla hər oyunda bir qoldan az buraxır, qapısını daha çox toxunulmaz saxlayır və mövqe hücumlarında xeyli inamlı çıxış edir.

Lakin hazırkı “KuPS”u daha yaxşı tanımaq üçün klubun tarixinə nəzər salmaq lazımdır.

Komanda 1949–1992-ci illərdə ardıcıl 44 mövsüm Finlandiyanın yüksək liqasında çıxış edib ki, bu da uzun müddət ölkə rekordu sayılıb. Daha sonra maliyyə problemləri səbəbindən klub tədricən üçüncü liqaya qədər geriləyib. Yalnız 2008-ci ildə “KuPS” yenidən ölkə futbolunun elitasına qayıdıb.

Maliyyə çətinlikləri klubu uzun illər müşayiət edib. 1958-ci ildə Finlandiya çempionu olduqdan sonra “KuPS” Avropa Çempionlar Kubokunda (Çempionlar Liqasının əvvəlki adı) Frankfurt “Ayntraxt”ına qarşı debüt etməli idi. Xərcləri azaltmaq məqsədilə finlər hər iki oyunun Almaniyada keçirilməsini xahiş etsələr də, UEFA buna razılıq verməyib. Nəticədə klub turnirdən geri çəkilib, “Ayntraxt” isə oynamadan növbəti mərhələyə yüksəlib və sonradan finala qədər irəliləyərək Madrid “Real”ına 3:7 hesabı ilə uduzub.

Bu gün isə klubun tarixçəsi tamamilə fərqli görünür. “KuPS”un Avropadakı ən böyük uğuru 2025/26 mövsümündə Konfrans Liqasındakı çıxışı olub. Komanda İngiltərədə “Selherst Park” stadionunda “Kristal Pelas”la 2:2 hesablı heç-heçə edib. Finlər fasilədən sonra cəmi üç dəqiqə ərzində iki qol vuraraq pley-off mərhələsinə yüksəliblər. Bu, Finlandiya futbolu tarixində ilk belə uğur olub.

Avrokubok mövsümü klubun büdcəsinə də ciddi töhfə verib. UEFA-dan təxminən 5,45 milyon avro mükafat qazanan “KuPS” ilin yekununda ümumi gəlirini 9,1 milyon avroya çatdırıb, təxminən 3,4 milyon avro mənfəət əldə edib. Beləliklə, vaxtilə maliyyə çatışmazlığı səbəbindən avrokuboklardan geri çəkilən klub bu gün Finlandiya futbolunun ən uğurlu maliyyə layihələrindən birinə çevrilib.

Hazırkı baş məşqçi Mikka Nuutinenin hekayəsi də maraqlıdır. O, 2025-ci ilin sentyabrında rəhbərlik etdiyi HİK ilə Finlandiya Kubokunun finalında “KuPS”u məğlub edərək gələcək komandasını ardıcıl ikinci “qızıl dubl”dan məhrum etmişdi. Cəmi bir neçə ay sonra isə məhz “KuPS”un baş məşqçisi təyin olunub və indi vaxtilə ağır məğlubiyyət yaşatdığı klubun çempionluq titulunu qorumağa çalışır.

Nəticə etibarilə, “Sabah”a ən səs-küylü rəqib düşməsə də, şübhəsiz ki, ən narahat rəqiblərdən biri qismət olub. Məhz buna görə də bu qarşıdurma Bakı təmsilçisi üçün Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlmək yolunda ciddi sınaq vəd edir.

İdman.Biz