Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümündən tətbiq olunacaq yeni qayda ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, o, bu barədə futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimində danışıb.
Abbasov bildirib ki, süni işıqlandırma sistemi olmayan stadionlarda mövsümün birinci dövrəsində ev oyunlarının keçirilməsinə icazə verilməyəcək.
“Lakin bu, komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək. Yaranacaq balanssızlıq ikinci dövrədən etibarən kompensasiya olunacaq”, – deyə PFL rəsmisi vurğulayıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.
