“Oyun praktikası baxımından “Dinamo”nun şanslarını daha yüksək qiymətləndirirəm”.
Bu sözləri Azərbaycanda çıxış etmiş belaruslu futbolçu Yeqor Xvalko UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” və “Dinamo” (Minsk) klubları arasında keçiriləcək oyunları dəyərləndirərkən deyib.
Bu qarşılaşmanı böyük maraqla gözlədiyini bildirən “Kəpəz”in sabiq kapitanı hər iki ölkə çempionatının səviyyəsini müqayisə etmək üçün yaxşı fürsət yarandığını qeyd edib.
“Bu oyunu izləmək mənim üçün çox maraqlı olacaq. Azərbaycanda 3 il çıxış etdiyim üçün hazırda iki ölkənin çempionatlarının səviyyəsini, hansı tərəfin daha güclü olduğunu müqayisə etmək maraqlıdır. Şanslara gəlincə, düşünürəm ki, Minsk təmsilçisinin kiçik üstünlüyü var. Çünki Belarusda çempionatın yarısı artıq geridə qalıb və onlar oyun praktikası baxımından daha hazırlıqlıdırlar. Digər tərəfdən, “Neftçi”nin hazırkı vəziyyəti və heyəti barədə geniş məlumata malik deyiləm”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Hazırda Qazaxıstanın “Atırau” klubunun formasını geyinən 29 yaşlı müdafiəçi Azərbaycanla bağlı xatirələrini də bölüşüb:
“Orada keçirdiyim 3 il ərzində bu ölkəyə həqiqətən çox bağlandım və onu sevməyə başladım. Son bir ildə Azərbaycan klublarından rəsmi təklif almamışam. Hazırda Qazaxıstan çempionatında çıxış edirəm və orada hər şey qaydasındadır. Lakin gələcəkdə yenidən Azərbaycanda oynamaq şansı qazansam, buna şad olaram”.
Qeyd edək ki, “Neftçi” “Dinamo” ilə ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçirəcək.
UEFA-nın qərarına əsasən, Belarus klubları avrokuboklarda rəqiblərini başqa ölkələrdə qəbul edirlər.
