Braziliya millisinin əfsanəvi hücumçusu Pele tərəfindən DÇ-1958-in finalında geyinilən forma rekord məbləğə satılıb.
İdman.Biz xəbər verir ki, 10 nömrəli forma “Sotheby's” hərracında 4,9 milyon dollara (təxminən 8,33 milyon AZN) alıcı tapıb. Hərrac zamanı forma üçün beşdən çox şəxs ümumilikdə 10 təklif verib.

Pele həmin formanı 17 yaşında İsveçə qarşı keçirilmiş dünya çempionatının finalında geyinib. Braziliyanın 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada iki qol vuran futbolçu mundialların finalında fərqlənmiş ən gənc oyunçu olaraq qalır.

Bu satış Pele ilə bağlı indiyədək hərraca çıxarılmış əşyalar arasında yeni qiymət rekordu müəyyənləşdirib. Forma eyni zamanda tarixdə satılan ikinci ən bahalı futbol formasıdır. Rekord 2022-ci ildə 9,3 milyon dollara (16 milyon AZN) satılmış, Dieqo Maradonanın DÇ-1986-da İngiltərəyə qarşı geyindiyi formaya məxsusdur.
Pelenin forması bundan əvvəl 2004-cü ildə 70 505 funt-sterlinqə (indiki məzənnə ilə 158 min AZN) satılmışdı.
