Emil Balayev: “Şahruddin Məhəmmədəliyevlə rəqabətim hər zaman xüsusi olub”

4 İyun 2026 20:31
94
Emil Balayev: “Şahruddin Məhəmmədəliyevlə rəqabətim hər zaman xüsusi olub”

“Mənə yenidən milli komandaya dəvət olunduğum üçün etimad göstərən hər kəsə təşəkkür edirəm. Uzun müddətdən, təxminən üç ildən sonra yenidən milli komandada yer almaq mənim üçün böyük sevincdir. Bu müddətdə müəyyən zədələrim olub, lakin yenidən yığmanın düşərgəsində olmaqdan məmnunluq duyuram”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev iyunun 5-də Malta ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, komandada çox yaxşı ab-hava hökm sürür: “Bir neçə gün Bakıda məşq keçdikdən sonra artıq dörd gündür ki, Maltadayıq. Kollektivdə ailə atmosferi hiss olunur. Hesab edirəm ki, bizi maraqlı oyun gözləyir və bunu meydanda nümayiş etdirməyə çalışacağıq”.

Qolkiper millidə qapıçılar arasında rəqabətdən də söz açıb: “Şahruddin Məhəmmədəliyevlə rəqabətim hər zaman xüsusi olub. Karyeram ərzində müxtəlif qapıçılarla rəqabət aparmışam, lakin Şahruddinlə münasibətlərimiz fərqlənib. Mövqeyimiz eyni olsa da, daim bir-birimizi dəstəkləmişik. Həm klubda, həm də milli komandada çıxış etdiyimiz dövrlərdə sağlam və dostcasına rəqabət aparmışıq. Buna görə də onunla yenidən eyni komandada olmaq mənim üçün xoşdur. Bu rəqabəti daha çox qardaş rəqabəti adlandırardım. Rza Cəfərov da hazırda milli komandanın düşərgəsindədir. O, son mövsümü icarə əsasında “Qəbələ”də keçirsə də, artıq icarə müddəti başa çatıb və “Neftçi”yə qayıdıb. İnanıram ki, gələcəkdə onun inkişafını və uğurlarını daha yaxından izləyəcəyik”.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.Biz