İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Ceremi Frimpong karyerası ərzində aldığı zədələrdən və bu sınaqlardan necə çıxmasından bəhs edib. Niderlandlı futbolçu xüsusilə cari mövsümdə üzləşdiyi çətinlikləri gizlətməyib.
İdman.Biz “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Frimpong zədələrin onun üçün gözlənilməz olduğunu bildirib.
“Karyeram ərzində demək olar ki, heç vaxt zədələnməmişəm. Yeganə uzunmüddətli fasilə kobud müdaxilədən sonra keçirdiyim əməliyyatla bağlı olub. Lakin bu mövsüm artıq üç dəfə zədə almışam. Arxa əzələ zədəsi? Bu, əvvəllər heç vaxt başıma gəlməmişdi. Komandanın da istənilən səviyyədə oynamaması vəziyyəti daha da çətinləşdirir. Əgər İngiltərə kubokunu və ya Çempionlar Liqasını qazansaq, hər şey o qədər də pis görünməz”, - deyə müdafiəçi vurğulayıb.
Təcrübəli oyunçu mənəvi baxımdan ailəsinin və yaxınlarının dəstəyinin böyük rol oynadığını deyib:
“Futbolçuların da insan olduğunu, hisslərinin olduğunu anlamalısınız. Evə gələndə bütün bunlar barədə düşünməyə başlayırsan. Öz fikirində boğulmamaq üçün nəsə etməlisən. Bu çətin günlərdə ailəm və sevgilim yanımda olub mənə kömək etdilər. Yalan danışmayacağam, həqiqətən ağır idi. Amma özümü pis hiss edəndə yaxınlarım diqqətimi başqa şeylərə yönəldərək məni o depressiv haldan çıxardılar”.
Qeyd edək ki, Frimpong bu mövsüm bir neçə dəfə zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb ki, bu da “Liverpul”un müdafiə xəttindəki oyununa təsirsiz ötüşməyib.
