Misli Premyer Liqasının 28-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”a 0:3 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko matçdan sonra jurnalistlərin suallarını cavablandırıb, gözlənilməz məğlubiyyəti və komandadakı mövcud vəziyyəti dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Demçenko ilk növbədə fürsətlərdən yararlana bilməməkdən şikayətlənib.
“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı, qol şanslarımız oldu, amma yararlana bilmədik. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. Oyunun sonlarında konsentrasiyanı itirdik və uduzduq. Son saniyəyə kimi döyüşmək lazımdır”, - deyə baş məşqçi söyləyib.
Məsuliyyətdən qaçmadığını vurğulayan baş məşqçi, məğlubiyyətdə ilk növbədə özünü günahkar sayıb:
“Heç kim demir ki, günahkar futbolçulardır. İlk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm”.
Avrokubok hədəfləri barədə danışan Demçenko şansların hələ bitmədiyini qeyd edib: “
Məqsədimiz var, sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim. Komandanı müasir futbola - top saxlamaq və pressinq etməyə uyğunlaşdırmağa çalışırıq. Müdafiədən hücuma keçiddə çətinliyimiz var, buna görə lazım olan nəticəni ala bilmirik”.
