İngiltərənin “Mançester Yunayted” futbol klubunun rəhbərliyi gələcək planlarını nəzərdən keçirərkən Yulian Naqelsmann bu yay komandaya rəhbərlik edəcək əsas namizədlər sırasına daxil olub.
İdman.Biz “Football Insider” nəşrinə istinadla xəbər verir ki, müvəqqəti baş məşqçi kimi uğurlu çıxış edən Maykl Karrik əsas favorit hesab olunsa da, son nəticələr vəziyyəti dəyişib. Karrikin gəlişindən sonra komanda 11 oyunda yeddi qələbə qazanaraq Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını artırsa da, bazar ertəsi “Lids Yunayted”ə 2:1 hesablı məğlubiyyət rəhbərlikdə şübhələr yaradıb.
“Everton”un sabiq icraçı direktoru Kit Viness bildirib ki, Karrikin namizədliyi rədd edilərsə, Naqelsmann ən real seçimdir. Hazırda Almaniya millisini Dünya Çempionatına hazırlayan və 2028-ci ilə qədər müqaviləsi olan mütəxəssisin turnirdən sonra klub futboluna qayıtmaq ehtimalı yüksəkdir.
Karrik üçün isə qarşıdakı altı oyun, xüsusilə Lisandro Martines və Harri Maquayrın yoxluğunda yaranan müdafiə böhranı həlledici sınaq olacaq.
