Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Avropa çempionatının aşkar favoritdir.
İdman.Biz bildirir ki, bunu Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib
Mütəxəssis Report-a açıqlamasında komandanın qrup mərhələsindəki çıxışını dəyərləndirib:
“Azərbaycan millisi Avropa çempionatının aşkar favoritdir. Qazaxıstanla bugünkü matçda qeyri-adi bir hal baş verməsə, komanda qələbə qazanacaq. Çünki güclü olduqlarını öz oyunları ilə sübut edirlər. Komanda qrupda xüsusilə İtaliya ilə qarşılaşmada çox gözəl çıxış etdi və rəqibə oynamaq imkanı vermədi. Avstriya ilə oyun isə bir az ağır keçdi. Azarkeşlər bəlkə də bilmirlər, amma ilk matçda ot örtüyü çox pis idi. Meydança təzə olduğuna görə topun sürətini azaldırdı və dinamik oyuna mane olurdu. Top sanki otda ilişib qalırdı. Heyətdəki futbolçuların çoxu gənc və çevik olduğundan, bu amil onlara çətinlik törətdi. Lakin digər matçlarda yaxşı çıxış etdilər. Həm kağız üzərində, həm də nümayiş etdirilən oyun baxımından futbolçuların çox güclü olduğu görünür. Əvvəlki dünya çempionatı ilə müqayisədə irəliləyiş baxımından böyük fərq var”.
Mütəxəssis minifutbolda sürprizlər olduğunu da istisna etməyib:
“Burada təkcə oyun deyil, bəxt və futbolçuların motivasiyası da rol oynayır. Lakin futbolçular öz oyunlarını göstərsələr və hər şey normal davam edərsə, çempionluq üçün 90 % şans var. Futbol elə bir idman növüdür ki, hər an sürprizlər ola bilər. Bəzən komanda tam üstün olur, çoxlu qol epizodları yaradır, lakin qəfil qapısından 1 qol buraxır və sonra nə qədər çalışsa da, nəticəni dəyişdirmək mümkün olmur. Belə “fors-major” hallar yaşanmasa, Azərbaycan millisi həm oyun səviyyəsi, həm də digər göstəricilərə görə aşkar üstündür”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün, saat 23:59-da Avropa çempionatının 1/8 finalında Qazaxıstanla üz-üzə gələcək. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək yer aldığı F qrupunu lider başa vurmuşdu.
