UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları üçün “Liverpul” azarkeşləri bilet qiymətlərinin kəskin artırılmasına etiraz ediblər.
İdman.Biz “Foot Mercato” nəşrinə istinadla xəbər verir ki, fanatlar klub rəhbərliyinin siyasətindən qəzəbləniblər.
Azarkeşlərdən biri vəziyyətlə bağlı narazılığını belə ifadə edib:
“Enfild” milyarderlərin əyləncə parkı deyil. Uşaq olanda atam məni ora aparırdı, ondan əvvəl isə babam atamı aparmışdı. İndi isə bizə deyirlər ki, “müasir futbol”a görə hər şey daha baha olmalıdır. Lakin “Liverpul” heç vaxt digərləri kimi sıradan bir klub olmayıb”.
O, daha sonra sözlərinə bunları əlavə edib:
“Azarkeşlərə müştəri kimi yanaşmağa başlayanda klubun və şəhərin tarixinə xəyanət etmiş olursunuz. Amerikalı sahiblər rəqəmlərdən və böyümədən danışırlar. Biz isə xatirələrdən, ailələrdən və nəsillərdən danışırıq”.
Qeyd edək ki, bu axşam keçiriləcək matç “Liverpul” üçün həlledici əhəmiyyət daşıyır. İngiltərə təmsilçisi ilk oyunda PSJ-yə 0:2 hesabı ilə məğlub olub.
