“Sumqayıt” FK Saşa İliçlə yollarını ayırır? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

13 Aprel 2026 14:55
179
“Sumqayıt” FK Saşa İliçlə yollarını ayırır? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan iddialara görə, “Sumqayıt” futbol klubu baş məşqçisi Saşa İliç ilə yollarını ayırmaq fikrindədir.

Bildirilib ki, 48 yaşlı çalışdırıcının aylıq maaşının 25 min manat olması da gözləntiləri artırsa da, cari mövsümdə komandanın göstərdiyi nəticələr klub rəhbərliyini qane etmədiyi üçün baş məşqçinin başa çatan müqaviləsi yenilənməyəcək.

Klub Misli Premyer Liqası və Azərbaycan Kubokunda ardıcıl 11 oyundur qələbə qazana bilməyib. Komanda sonuncu dəfə yanvarın 31-də “Karvan-Yevlax” üzərində 2:0 hesablı qələbə əldə edib.

İdman.Biz məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətinə sorğu ünvanlayıb.

Klubun mətbuat katibi Zaur Xudiyev saytımıza açıqlamasında bildirib ki, Saşa İliçin müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.

Onun sözlərinə görə, müqavilənin uzadılıb-uzadılmayacağı ilə bağlı qərar mövsüm başa çatdıqdan sonra veriləcək.

Zaur Xudiyev qeyd olunan maaş məsələsinə də toxunub. O bildirib ki, yazılan rəqəmlər, yəni 25 min manatlıq əməkhaqqı həqiqəti əks etdirmir.

Qeyd edək ki, “Sumqayıt” hazırda turnir cədvəlində 32 xalla yeddinci pillədə qərarlaşıb.

İdman.Biz