Kaxaber Tsxadadze: “Qəbələ”nin problemi Premyer Liqanı tərk edəndə başlamışdı”

12 Aprel 2026 20:57
183
Kaxaber Tsxadadze: “Qəbələ”nin problemi Premyer Liqanı tərk edəndə başlamışdı”

Misli Premyer Liqasının 27-ci turunda “Qəbələ” doğma meydanda “İmişli”yə minimal hesabla (0:1) uduzub.

İdman.Biz xəbər verir ki, Qəbələ təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib və komandadakı mövcud vəziyyətdən danışıb.

“Çox acı məğlubiyyətdir. “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır və rəqibin səhvlərindən yaxşı istifadə edirlər. Standart vəziyyət zamanı səhvə yol verdik. Topa nəzarət edirdik, lakin sonluq yox idi. Bu, qışdan sonra onların ilk qələbəsi idi. Onlara qarşı bu cür səhv etmək olmaz”, - deyə baş məşqçi bildirib.

Tsxadadze “Qəbələ”nin bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində oynadığını, indi isə məqsədin liqada qalmaq olduğunu vurğulayıb.

Komandanın heyət seçimi ilə bağlı tənqidlərə cavab verən baş məşqçi, Birinci Liqadakı çempion heyəti qoruyub saxlamasının səbəbini açıqlayıb:

“Qəbələ”nin problemi indi yox, Premyer Liqanı tərk edəndə başlamışdı. Geri qayıdanda Birinci Liqada çempion olan heyətin 95 faizini saxladıq. Çünki bizi çempion edən futbolçulara şans verməliydik, heyəti dağıdıb tamamilə legionerlərdən komanda qurmaq düzgün olmazdı. Bir az bəxtimiz də gətirmir”.

Tsxadadze sonda komandanın “İmişli”dən zəif oynamadığını, sadəcə nəticə qazana bilmədiklərini əlavə edib.

İdman.Biz