“Mançester Siti” İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə “Çelsi”nin qonağı olub. “Stemford Bric” stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı 51-ci dəqiqədə Niko O’Rayli açıb. 57-ci dəqiqədə Mark Qehi “şəhərlilər”in üstünlüyünü artırıb. Görüşdə son nöqtəni isə 68-ci dəqiqədə Jeremi Doku qoyub. Rayan Şerki oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün turnirlər daxil olmaqla ardıcıl üçüncü qələbəsini qazanan “Mançester Siti” 64 xalla turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi lider “Arsenal”dan altı xal geri qalsa da, ehtiyatda bir oyunu var.
Aktivində 48 xal olan “Çelsi” isə İngiltərə çempionatında altıncı sırada qərarlaşıb.
19:33
İngiltərə Premyerliqasının 32-ci turu çərçivəsində “Sanderlend” və “Tottenhem” komandaları üz-üzə gəliblər. “Sanderlend”dəki “Stedium of Layt” stadionunda keçirilən və Robert Consun idarə etdiyi qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu 61-ci dəqiqədə Nordi Mukiele vurub.
Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Sanderlend” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 30 xalı olan “Tottenhem” isə 18-ci sıradadır.
Növbəti turda “qara pişiklər” aprelin 19-da səfərdə “Aston Villa” ilə, “mahmızlar” isə aprelin 18-də doğma meydanda “Brayton”la qarşılaşacaqlar.
“Kristal Palas” isə öz meydanında “Nyukasl”ı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı geridönüşü ilə yekunlaşıb.
Qonaqlar 43-cü dəqiqədə Uilyam Osulanın qolu ilə önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. “Kristal Palas”ın hücumçusu Jan-Filipp Mateta 80-ci dəqiqədə tarazlığı bərpa edib, 90+4-cü dəqiqədə isə dublunu rəsmiləşdirərək komandasına üç xal qazandırıb.
Bu oyundan sonra hər iki komandanın aktivində 42 xal var. “Kristal Palas” 13-cü, “Nyukasl” isə 14-cü pillədə yer alıb.
Növbəti turda “qartallar” aprelin 20-də “Vest Hem”i qəbul edəcək, “sağsağanlar” isə aprelin 18-də evdə “Bornmut”u sınağa çəkəcəklər.
Paralel keçən “Nottingem Forest” - “Aston Villa” matçında qalib müəyyənləşməyib.
Matçın 23-cü dəqiqəsində Murillonun avtoqolu qonaqları önə keçirib. Lakin “meşəbəyilər” 38-ci dəqiqədə Neko Uilyamsın vurduğu qolla bərabərliyi təmin ediblər.
Bu heç-heçədən sonra 33 xalı olan “Nottingem Forest” 16-cı pillədə qərarlaşıb. 55 xalla turnir cədvəlinin dördüncü sırasında olan “Aston Villa” isə Çempionlar Liqası zonasındakı yerini qoruyub.
Növbəti turda “Nottingem Forest” aprelin 19-da “Bernli”ni qəbul edəcək. Həmin gün “Aston Villa” isə doğma meydanda “Sanderlend”lə üz-üzə gələcəklər.
