Seriya A: “İnter” 0:2 hesablı geridönüşlə “Komo”ya qalib gəlib - YENİLƏNİB + VİDEO

13 Aprel 2026 00:49
1 411
Seriya A: “İnter” 0:2 hesablı geridönüşlə “Komo”ya qalib gəlib - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının 32-ci turu çərçivəsində “Komo” və Milanın “İnter” komandaları üz-üzə gəlib. Komonun “Cüzeppe Siniqalya” stadionunda keçirilən qarşılaşma “İnter”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 36-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Aleks Valle açıb. 45-ci dəqiqədə yarımmüdafiəçi Nikolas Pas “Komo”nun üstünlüyünü artırıb. Cəmi bir dəqiqə sonra “İnter”in hücumçusu Markus Türam komandasının qollarından birinin əvəzini çıxıb.

İkinci hissəyə sürətli başlayan qonaqlar 49-cu dəqiqədə Türamın dublu sayəsində tarazlığı bərpa ediblər. 58-ci dəqiqədə müdafiəçi Denzel Dumfris milanlıları önə keçirib. 72-ci dəqiqədə Dumfris özünün ikinci, komandasının isə dördüncü qoluna imza atıb. Görüşün sonlarında - 89-cu dəqiqədə “Komo”nun yarımmüdafiəçisi Lukaş Da Kunya penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 3:4.

Bu qələbədən sonra 32 oyundan 75 xal toplayan “İnter” İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. 58 xalı olan “Komo” isə beşinci pillədə qərarlaşıb.

22:32

“Bolonya” İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında “Leççe”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 26-cı dəqiqədə Remo Froyler açıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Rikardo Orsolini meydan sahiblərinin üstünlüyünü artırıb.

Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran “Bolonya” A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Ardıcıl dördüncü məğlubiyyətini alan “Leççe” isə 27 xalla 18-ci sıradadır.

19:05

“Napoli” İtaliya A Seriyasının 32-ci turu çərçivəsində səfərdə “Parma”nın qonağı olub. “Ennio Tardini” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna sürətli başlayaraq artıq birinci dəqiqədə hesabı açıblar. “Parma”nın yarımmüdafiəçisi Qabriel Strefeçça dəqiq zərbə ilə komandasını önə keçirib. Neapollular bu qola oyunun ikinci hissəsində cavab verə biliblər. Matçın 60-cı dəqiqəsində Skott Maktominey tarazlığı bərpa edib.

Bu nəticə ilə “Napoli”nin beş matçlıq qələbə seriyası dayanıb. Hazırda 66 xalı olan neapollular turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. 36 xala malik “Parma” isə 14-cü yerdədir. Meydan sahibləri bu heç-heçə ilə qələbəsiz oyunlar seriyasını altı matça çatdırıblar.

17:03

“Cenoa” İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında “Sassuolo”nu qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, genualılar 18-ci dəqiqədə hesabı açıblar. Tommazo Baldantsinin ötürməsindən sonra Ruslan Malinovski fərqlənib. Qonaqlar 57-ci dəqiqədə İsmael Konenin sayəsində tarazlığı bərpa etsələr də, “Cenoa” oyunun sonlarında qələbə topunu vura bilib. Kaleb Ekuban komandasına üç xal qazandıran qola imza atıb.

Matçın sonu hər iki tərəf üçün itkilərlə yadda qalıb. “Sassuolo”da Domeniko Berardi, meydan sahiblərində isə Mikael-Eqil Ellertsson qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran “Cenoa” turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Sassuolo” isə 42 xalla 11-ci sırada qərarlaşıb.

İdman.Biz