Rauf Rüstəmli: “Bu qələbəyə çox ehtiyacımız var idi” - MÜSAHİBƏ

11 Aprel 2026 13:01
267
Rauf Rüstəmli: “Bu qələbəyə çox ehtiyacımız var idi” - MÜSAHİBƏ

Ötən gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda “Karvan-Yevlax” “Kəpəz”i qəbul edib.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdən sonra het-trik edərək Yevlax təmsilçisinin qələbəsində mühüm rol oynayan Rauf Rüstəmli futbolinfo.az saytına müsahibə verib.

– 25 oyunluq qələbəsizlik seriyasını qırdınız. Oyunla bağlı fikirləriniz necədir?

– Çox şükür, bu qələbəyə çox ehtiyacımız var idi. Buna nail olduğumuz üçün çox sevincliyik.

– Karyeranızda ilk het-triki kimə həsr edirsiniz? Daha əvvəl ailəniz və ya dostlarınızla bununla bağll sözünüz olmuşdumu?

– Bəli, karyeramda ilk het-trikdir, həm də Premyer Liqada ilk qollarımdır. Allaha çox şükür edirəm. Qollarımı ailəmə həsr edirəm. Açığı, əvvəldən bununla bağlı heç kimlə xüsusi söhbətim olmayıb.

– Mövsümdə ikinci dəfədir ki, Premyer Liqada qalmaq uğrunda əsas rəqiblərinizdən olan “Kəpəz”ə qalib gəlirsiniz. Maraqlıdır, niyə bu nəticələri digər komandalara qarşı təkrarlaya bilmirsiniz?

– Hər oyunda əlimizdən gələni edirik ki, qalib gələk. Amma bu günə kimi alınmırdı və buna görə çox məyus olurduq. Bu gün qalib gəldik və sevincliyik. Qarşıda 6 oyunumuz var, hər birinə qələbə üçün çıxacağıq.

– Yəni bu qələbə komandanızın Premyer Liqadakı taleyinə ciddi şəkildə təsir edəcək?

– Bəli, hər qələbə komandada əhval-ruhiyyəni yüksəldir. Bu qələbənin bizə müsbət təsir edəcəyinə inanıram. Qarşıdakı turlarda da əlimizdən gələni edəcəyik.

– Mövsümün sonunda müqavilə ilə məxsus olduğunuz “Sabah”a qayıtmağı düşünürsünüz, yoxsa?..

– Mövsümün sonunda “Kəpəz”lə müqaviləm bitəcək. Hər şey ondan sonra aydın olacaq. “Sabah”la müqaviləm var, amma necə olacağını mən də bilmirəm. Təki xeyirlisi olsun.

İdman.Biz