Pol Skoulzdan Tomas Tuxelə gənc futbolçu ilə bağlı çağırış

10 Aprel 2026 15:46
155
Pol Skoulzdan Tomas Tuxelə gənc futbolçu ilə bağlı çağırış

İngiltərə futbolunun əfsanəvi siması Pol Skoulz “Arsenal”ın gənc ulduzu Maks Doumanla bağlı səs-küylü bəyanatla çıxış edib. O, 16 yaşlı futbolçunun nümayiş etdirdiyi oyunla milli komandanın heyətində DÇ-2026-ya yollanmağa layiq olduğunu vurğulayıb.

İdman.Biz xəbər verir ki, “The Good, The Bad & The Football” podkastında danışan Skoulz Doumanı “inanılmaz” adlandırıb.

O, İspaniya millisinin Lamin Yamala şans verdiyi kimi, İngiltərənin də eyni addımı atmalı olduğunu bildirib:

“Maks Douman necə də möhtəşəmdir! İnanılmazdır. Sizcə, o, dünya çempionatı üçün İngiltərə yığmasında olmalıdır? İspaniyaya və Lamin Yamala baxın... Onu heyətə daxil edin! Bizdə Douman kimi oyunçu yoxdur. Hesab edirəm ki, Tomas Tuxel onu apara biləcək məşqçidir”.

Skoulz gənc oyunçunun kimin əvəzinə heyətə götürülməli olduğu sualına isə daha sərt cavab verib:

“Kimin olmasının fərqi yoxdur. O, möhtəşəmdir. İspaniya bunu edərdi və onlar uğurludur. Mən onu hər zaman komandaya götürərdim. İngiltərədə onun qabiliyyətində olan ikinci bir oyunçu yoxdur”.

Qeyd edək ki, Maks Douman ötən tur “Everton”a qol vurmaqla Premyer Liqa tarixinin ən gənc qolçusu, çərşənbə axşamı isə Çempionlar Liqasının 1/4 finalında forma geyinən ən gənc futbolçu kimi tarixə düşüb.

İdman.Biz