“Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Espanyol”la oyun öncəsi mətbuat konfransında maraqlı açıqlamalar verib. Almaniyalı mütəxəssis həm Robert Levandovskinin komandadakı gələcəyi, həm də “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloanın tənqidlərinə toxunub.
İdman.Biz xəbər verir ki, Flik polşalı hücumçunun müqaviləsi və klubdakı taleyi haqqında danışmağın hələ tez olduğunu bildirib.
“Bunu müzakirə etməyin vaxtı deyil. Qarşımızda böyük hədəfimiz var və bütün oyunçular buna köklənməlidir. Biz özümüzün ən yaxşı versiyamızı nümayiş etdirməliyik, digər məsələləri sonra danışarıq”, - deyə mütəxəssis vurğulayıb.
Alman mütəxəssis “Real Madrid”in yeni baş məşqçisi Alvaro Arbeloanın “Barselona” haqqında səsləndirdiyi fikirlərə də kəskin və qısa cavab verib:
“Mən enerjimi buna sərf etmirəm. Bu, onun şəxsi fikridir, mən isə öz komandama fokuslanmışam. Biz “Real Madrid”in nə etdiyinə yox, öz işimizə baxmalıyıq”.
Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır və onun Səudiyyə Ərəbistanı klublarına transfer olunacağı barədə şayiələr gəzir. Arbeloa isə bir müddət əvvəl kataloniyalıların “Albasete” kimi klublarla qarşılaşdığı üçün uğur qazandığını iddia etmişdi.
