Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyev səhhəti ilə bağlı son vəziyyətini açıqlayıb.
İdman.Biz teleqraf.az-a istinadən xəbər verir ki, o, açıqlamasında 20 gün əvvəl klinikadan çıxdığını, lakin müalicə prosesinin yarımçıq qaldığını bildirib
K.Quliyev qeyd edib ki, müalicə 4 mərhələdən ibarət planlaşdırılsa da, yalnız ilk hissə baş tutub. Onun sözlərinə görə, ilkin müalicə mərhələsi Qurban Qurbanov, “Neftçi” və “Sumqayıt” klubları, eləcə də keçmiş komanda yoldaşlarının dəstəyi ilə həyata keçirilib və hazırda dərman təminatında da köməklik göstərilir.
Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 50 yaşlı mütəxəssis bildirib ki, ikinci mərhələdə AFFA-ya müraciət edib. O, federasiya nümayəndəsi ilə görüşdüyünü və həkimi ilə əlaqə yaradıldığını deyib. İki ay sonra qaraciyər köçürülməsi əməliyyatı planlaşdırılsa da, xəstəxanada qalmalı olduğu halda cəmi 4-5 gün müalicə ala bilib. Quliyevin sözlərinə görə, AFFA ilkin xərcləri qarşılasa da, proses yarımçıq dayandırılıb və o, klinikanı tərk etmək məcburiyyətində qalıb.
Sabiq futbolçu federasiyaya həmin qısa müddətli dəstəyə görə təşəkkür etsə də, əlavə yardım gözlədiyini vurğulayıb. O, Azərbaycan futbolunda maliyyə bölgüsü ilə bağlı narazılığını da ifadə edib və bəzi hallarda yüksək məbləğlərin ayrıldığını, lakin öz müalicəsi üçün nisbətən kiçik vəsaitin tapılmadığını bildirib.
Quliyev həmçinin qeyd edib ki, uzun illər Azərbaycan futboluna xidmət göstərib, legioner kimi ölkəni təmsil edib və milli komanda üçün şəxsi vəsaiti hesabına xərclər çəkib. Onun sözlərinə görə, hazırda 11 ildir işsizdir və bunun səbəbini hər zaman açıq danışması ilə əlaqələndirib.
Sabiq futbolçu sonda aidiyyəti qurumlardan dəstək gözlədiyini bildirib və səhhətinin yaxşılaşması üçün ümidini itirmədiyini qeyd edib.
