Azərbaycan millisinin yeni üzvünü sünnət edən həkim danışdı - FOTO

30 May 2026 16:59
132
Azərbaycan millisinin yeni üzvünü sünnət edən həkim danışdı - FOTO

Bir vaxtlar “Qəbələ”nin formasını geyinmiş qvineyalı futbolçu Abdelkader Kamaranın oğlu Mustafa Kamaranın Azərbaycanın U-21 millisindən dəvət alması futbol ictimaiyyətində maraqla qarşılanıb.

Hazırda Belçikanın “Sent-Trüden” klubunda çıxış edən yarımmüdafiəçinin Mingəçevirdə dünyaya gəldiyini isə çoxları bilmir. Maraqlı faktlardan biri də onun məhz bu şəhərdə sünnət olunmasıdır.

Mustafa Kamaranı sünnət edən Tibb Universitetinin məzunu, cərrah-onkoloq və Birinci Qarabağ müharibəsi veteranı Əbdülqədir Soltanov bildirib ki, futbolçu illər əvvəl tanınmış məşqçi Azər Həşimov tərəfindən xəstəxanaya gətirilib.

Azər Həşimovun sözlərinə görə, Abdelkader Kamaranın həmin dövrdə yaxşı qazancı olsa da, Əbdülqədir Soltanov əməliyyatı heç bir ödəniş almadan həyata keçirib.

Həkim həmin günü belə xatırlayıb:

“Azər Həşimovun atası, rəhmətlik Rasim kişi ilə dost idik. Azəri uşaqlıqdan tanıyıram. Mustafanı da yanıma o gətirdi. Dedi ki, atası da mənim adaşımdır. Maraqlı təsadüf oldu, hamımız güldük. O başqa qitədən, başqa ölkədən idi, amma ikimiz də müsəlman idik və adlarımız da eyni idi”.

Əbdülqədir Soltanov qeyd edib ki, tanınmış futbol adamlarının ailə üzvləri ilə bağlı iştirak etdiyi yeganə əməliyyat bu olmayıb.

“Bakıda Onkoloji Xəstəxanada işlədiyim vaxt professor İbadulla Ağayevlə birlikdə mərhum Anatoli Banişevskinin qardaşını əməliyyat etmişdik. O zaman Banişevski mənə öz formasını hədiyyə etmişdi”, – deyə o, sports.az-a açıqlamasında bildirib.

Həkim əlavə edib ki, SSRİ yığmasının sabiq qapıçısı Yuri Romenski də Mingəçevirdə anadan olub və onunla da yaxın münasibətləri olub.

İdmana hər zaman maraq göstərdiyini deyən Soltanov vaxtilə cüdo və futbol ilə məşğul olduğunu, hazırda isə Avropa və dünya çempionatlarını, eləcə də Azərbaycan millisinin oyunlarını diqqətlə izlədiyini bildirib.

“Qarabağ”ın azarkeşi olduğunu söyləyən həkim Ağdam təmsilçisinin uğurlarına sevindiyini, baş məşqçi Qurban Qurbanovla da Zaqatala dövründən tanışlığının olduğunu vurğulayıb.

Azərbaycan futbolu ilə bağlı arzusunu bölüşən Soltanov deyib:

“İstərdim ki, Azərbaycan millisi də Özbəkistan kimi dünya çempionatının final mərhələsində iştirak etsin”.

İdman.Biz
Məqalədə: