Arbeloa azarkeş fitlərinə reaksiya verib

9 Aprel 2026 17:30
147
Arbeloa azarkeş fitlərinə reaksiya verib

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa komandanın əsas simaları olan Vinisius Junior, Eder Militao və Eduardo Kamavinqa barədə maraqlı açıqlamalar verib.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Arbeloa son vaxtlar azarkeşlər tərəfindən fitə basılan Vinisius Juniora sahib çıxıb. O, bu vəziyyəti normal qarşıladığını bildirib.

“Vinisius haqqında nə düşündüyümü bilirsiniz. Onun bir məşqçi kimi mənim üçün nə ifadə etdiyini, bir “Real” oyunçusu kimi göstərdiyi performansı yüksək qiymətləndirirəm. Fit səsləri azarkeşlərimizin tələbkarlığının bir hissəsidir. Bunu normal və təbii görürəm. Əgər nəsə hiss ediriksə, bu da tərəfdarlarımızın dəstəyidir. Onlardan başqa heç nə istəyə bilmərik”, - deyə mütəxəssis söyləyib.

İspaniyalı mütəxəssis zədədən qayıdan Eder Militaonun potensialına da toxunub. O, braziliyalı müdafiəçini öz mövqeyində dünyanın ən yaxşısı adlandırıb:

“Eder Militao tam hazır olduqda, şübhəsiz ki, dünyada ən yaxşısıdır. Fiziki cəhətdən dominant oyunçudur, təkbətək mübarizələrdə güclüdür, açıq sahəni yaxşı müdafiə edir və hava toplarında çox təsirlidir. Topla davranışı, mentaliteti və xarakteri ilə komandanın liderlərindən biridir”.

Baş məşqçi gənc yarımmüdafiəçi Eduardo Kamavinqa haqqında da müsbət fikirlər səsləndirib. Onun sözlərinə görə, fransalı futbolçu müasir futbola çox yaxşı uyğunlaşır və böyük fiziki keyfiyyətlərə malikdir. Arbeloa Kamavinqanın özünə qarşı çox tələbkar olduğunu və komanda üçün vacib fiqur olmağa davam edəcəyini vurğulayıb.

İdman.Biz