Xanımı çörək almağa göndərmişdi, səsi İstanbuldan gəldi - FOTO

7 Aprel 2026 12:34
143
Xanımı çörək almağa göndərmişdi, səsi İstanbuldan gəldi - FOTO

Türkiyənin “Ərzurumspor” futbol klubunun “Dədə” ləqəbli 64 yaşlı sadiq azarkeşi Erdem Alan sevimli komandasını heç bir matçda tək qoymur. Avtostopla etdiyi səfərlər və terminallarda keçirdiyi gecələrlə diqqət çəkən azarkeş komandaya olan sevgisini həyat tərzinə çevirib.

İdman.Biz “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, əslən Ərzurumun Uzundərə rayonundan olan Erdem Alan 46 ildir “Ərzurumspor”a böyük sevgi bəsləyir. O, 1980-ci illərdə Tokatda işləyərkən bu komandaya könül verib və sonradan təyinatla doğma şəhərinə qayıdanda da dəstəyini əsirgəməyib. Evini klubun rəngləri ilə bəzəyən və daim komandanın formalarını geyinən azarkeş maddi çətinliklərə rəğmən səfər matçlarını belə qaçırmır.

Erdem Alan komandasına bağlı olduğunu və səfər oyunlarına getmək üçün hər cür çətinliyə dözdüyünü bildirib:

“Şanlıurfadakı matça getdim. Oyun bitəndən sonra gördüm ki, heç kim yoxdur. Nə edəcəyimi bilmədim, pulum az idi, ona görə yol maşını ilə gedirdim. Bir taksi sürücüsünə 400 lirə (15 AZN) pulum olduğunu və avtovağzala getmək istədiyimi söylədim, o isə məndən 350 lirə (13 AZN) istədi. Həmin an motosikletli bir polis yaxınlaşdı və mənə matça gəlib-gəlmədiyimi soruşdu. Təsdiqlədikdə, məni motosikletinin arxasına mindirib avtovağzala apardı. Avtobusla qayıdanda yolda bir nəfərə cəmi 400 lirəmin olduğunu, yolpulu üçün nə qədər lazımdırsa götürüb qalanını mənə qaytarmasını xahiş etdim. O, sadəcə 200 lirə (7 AZN) aldı. Mənə kömək edənlər oldu, polisin məni avtovağzala gətirməsini isə heç vaxt unutmaram”.

O, həyat yoldaşının daimi anlayış göstərdiyini qeyd edib:

“Bir dəfə işdən çıxanda telefonum zəng çaldı. Yoldaşım mənə gələndə evə çörək almağımı tapşırdı. Həmin vaxt mən Kocaelidən İstanbula matça gedirdim. Mən də ona “yaxşı” deyib razılaşdım. Sonradan o mənim matça getdiyimi başa düşüb, özü gedib alıb. Nə olursa-olsun hər zaman komandamın arxasındayam”.

Həyat yoldaşı Zennurə Alan da kocasının bu sevdasına öyrəşdiyini deyib:

“Onun başqa bir əyləncəsi, zərərli vərdişi yoxdur, sadəcə matçlardır. Artıq buna vərdiş etmişəm, onu öz halına buraxmışam”.

İdman.Biz