Azərbaycanın qadınlardan ibarət futbol millisi DÇ-2027-nin seçmə mərhələsində çıxışını başa vurub. Komanda pley-offa vəsiqə qazana bilməsə də, bu seçmə mərhələ onun üçün tarixi olub - indiyədək əldə edilən ən yaxşı nəticə qeydə alınıb.
Millimiz C Liqasında mübarizə aparıb, altı oyun keçirib və 12 xalla ikinci yeri tutub. Komanda dörd qələbə qazanıb və iki dəfə məğlub olub. Hər iki məğlubiyyət qrup lideri Macarıstana qarşı qeydə alınıb - səfərdə 0:1, evdə isə 1:2.
Qrupdan çıxmaq üçün komandanın iki yolu var idi: ya birinci yeri tutmaq, ya da qruplarında ikinci olan komandalar arasında ən yaxşı iki nəticədən birinə sahib olmaq. Birinci variant Macarıstana ikinci məğlubiyyətdən sonra mümkünsüz oldu. Əgər millimiz rəqibini heç olmasa bir oyunda məğlub edə bilsəydi və digər matçlarda qalib gəlsəydi, qrup lideri ola bilərdi. Lakin bu baş vermədi.
İkinci şans - ikinci yerlərin reytinqi vasitəsilə pley-offa yüksəlmək – o qədər də sadə deyildi. Məsələ ondadır ki, C Liqasında qruplar fərqli sayda komandalardan ibarət olub: bəzilərində üç, digərlərində isə dörd iştirakçı yer alıb. Müqayisənin ədalətli olması üçün dörd komandadan ibarət qruplarda sonuncu yeri tutan komandaya qarşı keçirilən oyunların nəticələri nəzərə alınmayıb.
Yəni Azərbaycanın qrupunda sonuncu yeri Andorra tutub. Futbolçularımız bu rəqibi iki dəfə məğlub edərək 6 xal qazanıblar. Lakin məhz həmin xallar ən yaxşı ikinci yerlərin müəyyənləşdirilməsi zamanı hesablardan çıxarılıb. Nəticədə yığmamızın hesabında 12 yox, 6 xal qalıb.
Xorvatiya millisində də eyni vəziyyət yaranıb. Komandanın topladığı 15 xaldan Cəbəllütariqlə keçirilən oyunların nəticələri çıxılıb və yekunda onların hesabında 9 xal qalıb. Qazaxıstanın qrupu isə əvvəlcədən üç komandadan ibarət olduğuna görə, topladığı bütün 7 xal nəzərə alınıb. Məhz buna görə də ümumi göstəricisi daha aşağı olmasına baxmayaraq, Qazaxıstan ikinci yerlərin cədvəlində Azərbaycanı qabaqlayıb.
Nəticədə C Liqasından pley-off mərhələsinə Litva, Kosovo, Xorvatiya, Macarıstan, Yunanıstan, Rumıniya, Belarus və Qazaxıstan vəsiqə qazanıblar.
Növbəti mərhələyə yüksəlmək üçün çox az çatışmasa da, Azərbaycanın qadın futbolçuları artıq tarix yazıblar. Buna qədər ölkəmiz qadınlar arasında dünya çempionatının seçmə mərhələsində cəmi iki dəfə iştirak edib. DÇ-2011-in seçmə mərhələsində komanda 4 xal toplamışdısa, DÇ-2023-ün seçmə tsiklində bu göstərici 7 xal olmuşdu. Bu dəfə isə millimiz 12 xal toplayaraq qrupda ikinci yeri tutub. Bu, sadəcə irəliləyiş deyil, gələcəyə ciddi iddiadır.
Vacib məqamlardan biri də komandanın necə çıxış etməsidir. Azərbaycan millisi qrup lideri ilə bərabər səviyyədə mübarizə aparıb, Macarıstana ciddi problemlər yaradıb və keyfiyyətli, təşkilatlanmış futbol nümayiş etdirib.
Üstəlik, bu, təkcə qadın millisinin deyil, ümumilikdə Azərbaycan futbolunun ən yaxşı nəticəsidir. Kişilərdən ibarət yığmanın dünya çempionatlarının seçmə mərhələlərində maksimum göstəricisi DÇ-2018-in seçmə mərhələsində topladığı 10 xal olub. Son seçmə tsikldə isə komandamız cəmi 1 xal qazanıb.
Bu fərq bir neçə səbəbdən diqqət çəkir. Kişilərdən ibarət milli beynəlxalq turnirlərdə qat-qat böyük tarixə malikdir. Bundan əlavə, ölkədə kişi futbolunun inkişafı üçün yaradılan şərait və göstərilən diqqət qadın futbolu ilə müqayisəolunmaz dərəcədə çoxdur.
Bununla yanaşı, kişi həmkarlarından fərqli olaraq, Azərbaycan millisinin futbolçularının böyük əksəriyyəti Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdə çıxış edir. Bu da onların səviyyəsindən və tələbatlı oyunçular olduqlarından xəbər verir. Komandanın inkişafında baş məşqçi Siyasət Əsgərovun da böyük rolu var. O, uzun illərdir qadın futbolunda çalışır və faktiki olaraq indiki futbolçuların bir çoxunun yetişməsində mühüm pay sahibidir.
Bu gün həmin komanda Azərbaycanda qadın futboluna münasibəti dəyişməyə başlayıb. Millimiz sadəcə maraqlı oyun nümayiş etdirmir, həm də xarakter, mübarizə əzmi və daha böyük uğurlar qazanmaq istəyi göstərir. Dəstək artarsa, bu nəticənin son hədd olmayacağına şübhə yoxdur.
